18-19 dekabr tarixlərində basketbol üzrə Azərbaycan Superliqasında 2019-cu ilin son turunun matçları keçirilib. Oyunlar maraqlı olub, həm gözlənilən, həm də sensasiyalı nəticələr qeydə alınıb.
Elə ilk görüşdəcə azarkeşlər iddialılardan birinin məğlubiyyətinə şahidlik ediblər. Çempionluq mübarizəsi aparan “Gəncə” bu dəfə autsayder “Sıçrayış”a 68:78 hesabı ilə uduzaraq hər kəsi təəccübləndirib. Gəncəlilər Amil Həmzəyevin boşluğunu doldurmaqda çətinlik çəkirlər. Onun yoxluğunda Robert Henri Vud 29 xal toplasa da, bu uğur üçün yetməyib. “Sıçrayış”da isə 29 xalla Nicat Məmmədli, 25 xalla isə Kamal Muradov qələbəyə öz töhfələrini veriblər.
Növbəti qarşılaşmada oyun gərgin mübarizə şəraitində keçsə də, favorit “Atom” sonuncu hissədə gücünü ortaya qoya bilib. Məhz sona yaxın hesab arasındakı xal fərqini artıran komanda “Atlelik”-i 102:94 hesabı ilə yenib. Bu matçda “Atletik”in hücumçusu Aleksandr Şostuxanın 53 xal topladığını da qeyd etməyə dəyər. Ancaq onun bu əməyinin qələbə üçün yetərli olmamaması da maraqlıdır.
Turnir cədvəlinin lideri “Zirvə Astara” da növbəti qələbəsini qazanıb. Təbii ki, rəqibindən daha güclü və təcrübəli olan “ağ-qırmızılar” oyunboyu üstün oyun nümayiş etdiriblər. Buna baxmayaraq, əsasən gənc baskertbolçulardan təşkil olunan “Xırdalan” da layiqli mübarizə ilə yadda qalıb. Matçın gedişatında xal fərqini bəzən çox azaltmağı bacaran Samir Nüsrətovun yetirmələri rəqibinə çətin anlar yaşatmağa nail olublar. Ancaq yenə də təcrübə öz sözünün deyib və “Zirvə Astara” 85-71 hesabı ilə qələbə qazanıb. Amerikalı legioner Çarlz İtonun 31 xal topladığı qarşılaşmada komanda yoldaşları Endər Poladxanlı 15, Əkbər Məmmədov 12, kapitan Zaur Paşayev isə 10 xalla fərqləniblər. “Xırdalan”da isə David Dadunaşvili komandasına 23, Fikrə Ələkbərov 16 xal qazandırıb.
İlin son matçında isə “Sərkərdə” “80-lər”ə 76:72 hesabı ilə qalib gələrək ilin müsbət notlarla başa vurmağa nail olub.
Bununla da, Azərbaycan Superliqasına fasilə verilib. Matçlar 2020-ci ilin yanvar ayının ortalarında bərpa olunacaq.