İmanzadə Rüstəm 1998-ci il iyulun 15-də Lənkəranda anadan olub. “Zirvə” İdman Klubunun gənc, eyni zamanda çox təcrübəli məşqçisi Qasımov Anarın rəhbərliyi altında məşqlərə başlayan atletimiz ilk yarışlardan özünü ən yaxşı tərəfdən göstərə bilib. Klubumuzun zona, final və kubok yarışlarında, həmçinin Respublika birinciliklərində uğur qazanan İmanzadə, ötən ilin sentyabrında böyük beynəlxalq qələbəyə imza atıb.
Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyində, yaşı 15-ə qədər olan oğlanların yarışında İmanzadə Rüstəm fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Lənkəranlı gənc atletimiz artıq birdən qaldırma hərəkətində nümayiş etdirdiyi əla çıxışla gücünü hamıya göstərə bildi. O, ilk yanaşmasında 95 kq sifariş verərək onu rahatlıqla qaldırdı. Bu isə bu hərəkətdə qızıl medal qazanmaq üçün yetərli oldu. Çünki rəqibləri Rüstəmə qədər öz çıxışlarını başa vurmuşdular. İmanzadə uğurunu daha da möhkəmləndirmək üçün ikinci yanaşmada 103 kq sifariş verdi və onu da qaldırdı! Sonuncu cəhdində 108 kq-lıq ştanq atletimizə ram olmadı.
Təkanla qaldırma hərəkətində yalnız birdən qaldırmada yaranan üstünlüyü qorumaq qalırdı. Ancaq Rüstəm bununla kifayətlənmədi. O, əvvəlcə birinci yanaşmada 120 kq-ı ram edərək çempionluğunu rəsmiləşdirdi. Daha sonra 126 kq sifariş verən atletimiz, onu da məharərtlə qaldırdı. Üçüncü yanaşmada isə Rüstəm 130 kq-ı da qaldıraraq möhtəşəm nəticə göstərdi.
Toplamda 233 kq (103 kq + 130 kq) nəticə nümayiş etdirən İmanzadə Rüstəm, ən yaxın izləyicisini 26 kq (!) qabaqlayaraq Avropa çempionu oldu! Fantastik uğurdur!
Cəmi 15 yaşı olan Rüstəm İmanzadə qısa müddətdə Azərbaycan Kubokunun qalibi, yeniyetmələrin dünya birinciliyində 5-ci yerin sahibi, 3-cü Beynəlxalq Rumi Uşaq İdman Oyunlarının qızıl medalçısı, yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Gənc atlet bu titullar Avropa çempionluğunu da əlavə etdi.
Bununla yanaşı, İmanzadə Sinkleyr cədvəli üzrə Avropa birinciliyinin ən yaxşı idmançısı seçildi. Şəxsi çəkisi 59,85 kq olan atletimiz toplamda 233 kq nəticə göstərdi. Bu isə 345,72 xal deməkdir. Avropa Birinciliyində yaşı 15-ə qədər olan idmançılar arasında bundan yüksək xal toplayan olmadı.