İntiqam Zairovun bürünc medalı gümüşə çevrilə bilər

Bu ilin 9-15 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında idmançılarımızın uğurlu çıxışından xəbərdarsınız. Komandamız 15 medal qazanaraq tarixində ilk dəfə bu nəticəni göstərmişdi. 7 qızıl, 2 gümüş və 6 bürünc medalla böyük uğur əldə edən millimizin üzvlərindən biri də İntiqam Zairov idi. O, 94 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində uğursuzluq yaşasa da, təkanla qaldırmada bürünc medal əldə edə bilmişdi. Bu hərəkətdə 213 kq nəticə göstərən idmançımız, 224 kq-ı qaldıran moldovalı Anatoli Siriqu və 215 kq-ı qaldıran litvalı Aurimas Didzbalisdən sonra 3-cü yerə sahib çıxmışdı.

Ancaq yenicə yayılan bir xəbər Zairovun bir pillə irəliləməsinə səbəb ola bilər. Belə ki, Avropa mətbuatı litvalı Didzbalisin dopinqə düşdüyünü yazır. Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) iyulun 6-da élan etdiyi siyahıda Avropa qitəsindən iki idmançının qadağan olunmuş maddələrdən istifadə etdiyi təsdiqlənmişdi. Ancaq bu atletlərin adları açıqlanmamışdı. Mətbuat bu idmançılardan birinin məhz Didzbalis olduğunu yazır. Qeyd olunur ki, litvalı ağır atletdən götürülən “A” dopinq testi müsbət nəticə verib. Artıq Litva Ağır Atletika Federasiyası da bu məlumatı təsdiqləyib. Federasiyanın yaydığı rəsmi bəyanatda bildirilir ki, IWF iyulun 6-da onlara Aurimas Didžbalisdən götürülən testing müsbət nəticə verdiyini qeyd edib. Bu səbəbdən də onun qarşıdakı yarışlarda – xüsusilə də London Olimpiadasında çıxışına qadağa qoyulub. “B” testinin nəticələri isə Olimpiadadan sonra açıqlanacaq. Həmin test də müsbət nəticə verərsə, Didzbalisi 4 illik diskvalifikasiya gözləyir.

Eyni zamanda qeyd olunur ki, Didzbalisin Türkiyədəki Avropa çempionatında qazandığı medallar, ümumiyyətlə bütün nəticələri ləğv olunacaq. Bu isə o deməkdir ki, İntiqam Zairovun təkanla qaldırmada əldə etdiyi bürünc medal avtomatik olaraq gümüş medala çevriləcək.

Hər halda biz IWF-in rəsmi qərarını gözləməyə məcburuq. Çünki qeyd edilənlər yalnız bu təşkilatın rəsmi açıqlamasından sonra qüvvəyə minəcəkdir.

SHARE
Şərh yaz