İsmayıl Məmmədov Avropa birinciliyində bürünc medal qazandı!

ismPolşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Onlardan biri – İsmayıl Məmmədov yaşı 17-yə qədər olan atletlərin mübarizəsində 50 kq çəki dərəcəsində körpücüz üzərinə çıxıb.
“Lerik-Zirvə” atleti birdən qaldırma hərəkətində 81 kq-ı ram edib. O, bu nəticə ilə bu hərəkətdə gümüş medala sahib çıxıb. Qızıl medalçı rəqibi də eyni çəkinin öhdəsindən gəlib. Ancaq İsmayılın şəxsi çəkisi cəmi 400 qram artıq olduğundan rumın Balauta Petrika onu üstələyib.
Təkanla qaldırma hərəkətində gənc atletimiz 93 kq-ın öhdəsindən gələ bilib. Bu nəticə ilə İsmayıl bu hərəkətdə iki rumıniyalı rəqibindən geri qalıb və 3-cü yeri tutub. Bu dəfə də şəxsi çəkisi ona daha yuxarı pilləni tutmaq imkanı verməyib.
Toplam 174 kq (81+93) nəticə ilə İsmayıl Məmməmodv Avropa birinciliyinin bürünc medalına sahib çıxıb!
Gözəl nəticədir. Dünən Rüstəm Qasımovun əldə etdiyi bürünc medaldan sonra daha bir belə uğura imza atmağımızı çox sevindiricidir.
İsmayılın bürünc medal hekayəsi çox maraqlıdır. Biz hələ aprel ayında ondakı potensialı görmüş və ənənəvi “Zirvəçi” rubrikasına qonaq etmişdik. Hələ o vaxt bizə müsahibəsində İsmayıl həm yaxşı bir idman ustası olmaq, həm də Avropa birinciliyində medal qazanmaq istədiyini dilə gətirmişdi. Cəmi bir neçə ay sonra buna nail olması onun əzmindən, mübarizliyindən xəbər verir. Əhsən, İsmayıl, əhsən, sənə!
Uğurlarının davamı gəlsin!

***

2000-ci ildə iyul ayının 16-nda Lerikdə anadan olan İsmayıl 9 yaşından idmanla məşğul olmağa başlayıb. İlk məşğul olduğu idman növü güləş olan İsmayılın daha sonra ağır atletikaya həvəsi yaranıb. Ağır atletikada daha çox mübarizəni sevən İsmayıl müxtəlif yarışlarda mükafatçılar sırasına düşməyi bacarıb. Məmmədovun ən böyük arzusu isə yaxşı bir idman ustası olmaqdır.
İsmayılın məşqçisi Nizam Rufullayev tələbəsinin çox istedadlı olduğunu və ondan Avropa çempionatında medal gözlədiyini vurğulayıb.

SHARE
Şərh yaz