Sentyabrın 9-11-i tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərinin yaxınlığındakı İvança qəsəbəsində inşa edilən AAAF Park İdman və İstirahət Kompleksində 10-cu “Zirvə Kuboku” keçirilib. Ənənəvi olaraq “Zirvə” İnternational Sport Clubs-ın ölkə xaricindəki filiallarının qatıldığı yarış bu dəfə də beynəlxalq səviyyədə təşkil olunacaq. Turnirdə klubumuzun Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Rusiya, Türkiyə və Polşadakı filiallarının nümayəndələri medallar uğrunda mübarizə aparıblar.
Yarışla yanaşı, buradakı yeni istifadəyə verilən idman zalının açılış mərasimi də keçirilib. Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, Moldova Gənclər və İdman Nazirinin müavini Pavel Yanets, Orqeyev rayonunun sədri Tudor Qolub, İvança qəsəbəsinin meri Oleq Qaşper, həmçinin Azərbaycanın Moldovadakı səfirliyinin 1-ci katibi Leyla Orucova və digər mötəbər qonaqlar əvvəlcə AAAF Parkı gəziblər. “Zirvə” İnternational Sport Clubs-ın prezidenti Tofiq Heydərov qonaqlara burada inşa edilmiş Uşaq-Əyləncə Mərkəzi, Otellər, müxtəlif idman növləri üçün yarış məkanları ilə tanış edib. O, məlumat verib ki, AAAF Park Moldova İdman və Əyləncə Kompleksinin inşasında məqsəd insanları sağlam həyat tərzinə cəlb etmək və eyni zamanda onların ailəvi olaraq əylənmək imkanı yaratmaqdır. Gəzintinin sonunda “İvança-Zirvə” klubunun təsis olunması elan edilib. Ardınca Parkın mərkəzi idman zalının açılışı edilib. Qırmızı lent kəsiləndən sonra qonaqlar hazırlıq prosesinin gedişi ilə tanış olub, fəaliyyətə başlayan ağır atletika məşq zalı və fitness mərkəzinə baş çəkiblər. Gördüklərindən razılıqlarını dilə gətirən qonaqlar görülən işlərə görə klub rəhbərliyinə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər.