Karate üzrə açıq “Zirvə Kuboku” keçirildi

Dekabrın 16-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında karate üzrə Ənənəvi Açıq “Zirvə Kuboku” keçirildi. Böyük marağa səbəb olan və yüksək təşkilatçılıqla müşayiət olunan turnirdə ölkənin ən güclü klub və komandalarını təmsil edən uşaqlar, yeniyetmələr və gənclər arasında müxtəlif çəki dərəcələrində qaliblər müəyyən edildi.
15 klubu təmsil edən 300-ə yaxın karateçinin qatıldığı “Zirvə Kuboku”nda tatami üzərinə çıxan yarışçılar tamaşaçılara böyük idman bayramı yaşatdılar. Əzmkarlıq, mübarizlik, həmçinin rəqibə hörmət ab-havasında keçən döyüşləri izləmək həqiqi zövq idi. Hakimlik, xidməti personal və məşqçilərin əməyi danılmazdır. Bütün karate ailəsi bu yarışın gözəl keçməsi üçün əməklərini əsirgəmədilər. Xüsusilə, “Zirvə” İdman Klubu karate üzrə baş məşqçi Rüstəm Əkbərovun təşkilatçılığı qeyd olunmalıdır.

Yarışın açılış mərasimdə yüksək qonaqlar, həmçinin “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iştirak edirdi. Tədbirdə ilk olaraq baş hakim turniri açıq elan etdi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Bundan sonra əvvəlcə Tofiq Heydərov, sonra isə Yaşar Bəşirov çıxış edərək son illərdə karate idmanının inkişafı barədə danışdılar. Heydərov qeyd etdi ki, “Zirvə” Bİk həmişə bütün idman növlərinə maksimum dəstək vermiş, onlara ən yaxşı şəraiti yaratmışdır: “Karate də əsas diqqət yetirdiyimiz növlərdəndir. Olimpiya idman növü olması gələcəkdə daha çox istedadlı idmançının yetişəcəyinə, yeniyetmə və gənclərin daha böyük zirvələri fəth edəcəyinə inamı artırır. “Zirvə” bundan sonra da öz xəttini davam etdirəcək, ölkədə karatenin inkişafı üçün dəstəyini əsirgəməyəcəkdir”.
Yaşar Bəşirov da razılığını qeyd edərək, gələcəyə böyük ümidlər bsələndiyini bildirdi: “Zirvə” BİK federasiyamızla dostluq əlaqələrini daima inkişaf etdirir, bizə dəstək olur. Bu Kubokun təşkilatçılıq səviyyəsi də hər şeydən xəbər verir. Gözəl yarış izləyirik, şərait ən yaxşı səviyyədədir. Belə turnirlər vasitəsilə yeni nəsil karateçilər yetişir, təcrübə toplayır, gələcəkdə uğur qazanmaq imkanı əldə edirlər. Biz, federasiya olaraq karatenin inkişafı üçün əlimizdən gələni edir, yeni Rafael Ağayevlərin yetişməsi üçün çalışırıq. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevə də təşəkkü etmək istəyirəm ki, ölkədə idmana öz diqqət və qayğısını daima davam etdirir, biz idmançılara dəstək olur. Əminəm ki, biz gələcəkdə Azərbaycan, onun idmanı üçün böyük uğurlar qazana biləcəyik”.
Yarışın özünə gəlincə, “Zirvə” BİK-in təmsilçiləri uğurlu nəticələrlə yadda qalıblar. Komandamızın üzvlərini gözəl çıxış edərək çox sayda medal əldə ediblər. “Zirvə” komanda hesabında 2-ci yeri tutumağı bacarıb. 1-ci yerə “Qara Qaplan”, 3-cü yerə isə “Gəncə” layiq görülüb.

Bu yüksək nəticəyə görə baş məşqçimiz Rüstəm Əkbərov, tatamidə yaxşı çıxış edən idmançılarımızı təbrik edir, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

https://www.youtube.com/watch?v=RNPjN3MzvxE

https://www.facebook.com/media/set/?set=a.1963199433734584&type=1&l=0b19a2a3de
SHARE
Şərh yaz