5-8 Mart tarixlərində paytaxtın Boks İdman Mərkəzində 11-ci “Baku Open” Beynəlxalq Karate Turniri keçirilib. Dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunmuş turnirdə 7 ölkədən 744 idmançı və komanda mübarizə aparıb. Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edib. Fərdi və komanda yarışlarında yerli idmançılarla birgə Türkiyə, Malayziya, Misir, Gürcüsütan, İsveçrə və Rusiya idmançıları çıxış ediblər.
Yarış iştirakçıları arasında “Zirvə” karateçiləri də olub. Həm məşqçi, həm də hakim kimi çıxış edən Rüstəm Əkbərovun rəhbərliyi altında idmançılarımız uğur əldə ediblər. Onlar iki qızıl və bir bürünc medal qazanıblar.
6-7 yaşlılarda 20 kq çəki dərəcəsində Hüseyn Abdullayev və 8-9 yaşlıların +38 kq çəki dərəcəsində Şamo Kamilov bütün rəqiblərinə qalib gələrək çempion olublar. Hüseyn Hüseynov isə 14-15 yaşlılarda 52 kq-da bürünc medalla fərqlənib.
Təbrik edirik!