24-26 may tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində şotokan karate üzrə dünya çempionatı keçirilib. 1500-ə yaxın idmançının qatıldığı bu mötəbər yarışda “Zirvə” Beynəlxalq İdman Klublarının təmsilçiləri də iştirak ediblər. Onlar uğurlu çıxışları ilə yadda qalıblar. Komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medalla fərqləniblər. Bunun yanaşı, komanda yarışında 12-13 yaşlı idmançılar arasında dünya çempionu olan Azərbaycan yığmasının heyətində də klubumuzun üzvləri yer alıb.
Fərdi turnirdə 12-13 yaşda Hüseyn Hüseynov 44 kq, Xudaş Ağayev isə 50 kq çəki dərəcəsində qızıl medal qazanıblar.Onlar bugünlərdə başa çatan 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının da iştirakçısı və mükafatçılarıdırlar. 14-15 yaşda 63 kq-da çıxış edən Rəşad Rəhimli bürünc medala sahib çıxıb. Açıq turnirdə, yəni yaı 18-dən yuxarı olan karateçilərind yarışında 75 kq çəki dərəcəsində Samir İbrahimov qızıl medal əldə edib.
Maraqlıdır ki, hazırda “Zirvə” karate komandasının baş məşqçisi olan gənc mütəxəssis Rüstəm Əkbərov da yarışa qatılıb. O, çəki olmayan mütləq turnirdə yalnız finalda məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bundan sonra karateçilərimiz Ukraynanın Odessa şəhərində keçirilən beynəlxalq yarışda da qüvvələrini sınayıblar. Şamo Kamilov +30 kq çəki dərəcəsində qızıl, 12-13 yaş qrupunda 55 kq-da Ağayev Xudaş bürünc medal qazanıb. Eyni zamanda, bu qrupda Ağayev Xudaş və Hüseyn Hüseynov komanda yarışında 3-cü yerə çıxıblar.
Bu qələbələr münasibətilə uğur qazanan idmançılarımızı və əməyi olan məşqçimizi təbrik edir, onlara qarşıdakı yarışlarda da uğur qazanmalarını diləyirik!