
18-20 yanvar tarixlərində Bakı İdman Sarayında Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Karate Federasiyasının dəstəyi və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi “Arpaçay Open” beynəlxalq karate turniri keçirilib. Turnirdə Azərbaycan komandası ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna və Çexiyadan 1100-dək idmançı iştirak edib. 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər fərdi kata və müxtəlif çəkilərdə kumite, eləcə də komanda kumite yarışlarında mübarizə aparıb.
Yarışlarda “Zirvə” İdman Klubunun karateçiləri də iştirak ediblər. Onlardan biri – İlham Məmmədov 68 kq çəki dərəcəsində mübarizə aparıb. O, gözəl çıxış nümayiş etdirərək fəxri kürsüyə yüksələ bilib. Məşqçi Rüstəm Əkbərovun rəhbərliyi altında yalnız finalda məğlub olan karateçimiz yarışdan gümüş medalla ayrılıb.
Gənc idmançımızı təbrik edir, ona qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!
