Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı yavaş-yavaş sona yaxınlaşır. Aktivində 1 qızıl (Valentin Xristov 62 kq), 2 gümüş (Silviya Angelova 48 kq və Sərdar Həsənov 69 kq) və 1 bürünc (Zülfüqar Süleymanov 62 kq) medal olan yığmamız ümumi sıralamada Rusiya yığmasından (3-1-0) geri qalır. Milli komandamızın üzvlərindən daha biri – Alyona Kiriyenko bu gün körpücük üzərinə çıxdı. O, qadınlar arasında 69 kq çəki dərəcəsində mübarizə apardı.
Birdən qaldırma hərəkətində atletimiz ilk olaraq 93 kq-ın öhdəsindən gəldi. Ancaq təəssüf ki, sonra sifariş verilən çəki – 96 kq Alyona üçün ağır oldu və Kiriyenko bu çəkini iki yanaşmada ram edə bilmədi. Bu nəticə ona bu hərəkətdə 7-ci olmaq imkanı verdi.
Təkanla qaldırmada isə Alyona daha uğurlu çıxış etdi. Atletimiz əvvəlcə 115 kq-ı rahatlıqla başı üzərinə qaldırdı. Daha sonra Kiriyenko bir qədər riskə gedərək çəkinin üstünə birdən-birə 8 kq artırdı. Ancaq atletimiz böyük əzmkarlıq nümayiş etdirərək bu çəkinin də öhdəsindən gəldi. Üçüncü yanaşmada 124 kq-ı ram edə bilməyən Kiriyenko, bu hərəkətdə 5-ci pillədə qərarlaşdı.
Toplamda 216 kq (93 kq + 123 kq) nəticə göstərən Alyona yekun sıralamada 4-cü yeri tutdu. Nəzərə alsaq ki, ötən Avropa çempionatında o, yalnız 9-cu olmuşdu, builki yarışı onun üçün uğurlu saymaq olar. Bir ildə 5 pillə irəliləyən atletimiz qarşıdakı yarışlarda daha yaxşı nəticələr, gələcəkdə ən azı bürünc medal uğrunda mübarizə aparmaq üçün ümid verdi.