Tailandın Çyanq May şəhərində ağır atletika üzrə 4-cü Dünya Universitet Çempionatı keçirilib. 5-8 dekabr tarixlərində baş tutan yarışda “Zirve İnternational Sport Clubs”ın bir nümayəndəsi də iştirak edib. “Kişinyov-Zirvə” klubunun ağır atleti Dumitru Kaptari 77 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İki il əvvəl eyni turnirin bürünc mükafatçısı olan idmançı, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kaptari birdən qaldırmada 155 kq, təkanla qaldırmada isə 195 kq-ın öhdəsindən gəlib. Toplamda 350 kq (155+195) nəticə göstərən Dumitru Çempionatın qızıl medalına layiq görülüb. O, ən yaxın rəqibindən 34 kq artıq çəkini ram edib.
Bununla yanaşı, Kaptari bütün kişi idmançılar arasında mütləq qalib adını qazanıb. Sinkleyr cədvəli üzrə 440.7887 xal toplayan moldovalı atlet, hamını arxada qoymağı bacarıb.
Bu gözəl nəticə münasibətilə idmançı və onun məşqçilərini təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!