Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Bu gün Azərbaycan yığmasının daha bir üzvü – Boyanka Kostova körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan qadın idmançılarla 53 kq çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Boyanka birdən qaldırmada ilk yanaşmasında 88 kq-ın öhdəsindən gəlib. İkinci yanaşmada Kostova 91 kq-ı ram edib. Üçüncü yanaşmada isə idmançımız 93 kq-ı qaldırmaq üçün körpücük üzərinə çıxıb. Bu çəki U-23 qadınlar arasında birdən qaldırma hərəkətində Avropa rekordunun yenilənməsi demək idi. Və qadın atletimiz bu işin öhdəsindən məharətlə gəldi. O, özünə məxsus olan, 2011-ci ilin noyabr ayında Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında müəyyən etdiyi rekordu yeniləyib. Həmin turnirdə o, birdən qaldırma hərəkətində 92 kq-ın öhdəsindən gəlmişdi.
Kostova təkanla qaldırma hərəkətinə də uğurla başladı. O, əvvəlcə 105 kq-lıq ştanqın öhdəsindən gəldi. Növbəti sifariş verdiyi 110 kq-ı isə yalnız iki yanaşmaya ram edə bildi. O, bu hərəkətdə gümüş medal qazandı.
Toplam 203 kq (93+110) nəticə göstərən Boyanka Kostova bütün rəqiblərini qabaqlayaraq gənclər arasında Avropa çempionu oldu. Onu və bütün məşqçi heyətini bu qələbə münasibətilə təbrik edir, uğurların davamının gəlməsini arzulayırıq!