Kristina Yovu Azərbaycan tarixinə düşdü

1393697_647107208657135_1964649654_n

Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatı başa çatır. Bu böyük turnirdə Azərbaycan milli komandasının üç üzvü də çıxış etdi. Bildiyiniz kimi, “Zirvə”çi Firudin Quliyev 69 kq çəki dərəcəsində bürünc medal qazandı. 62 kq çəki dərəcəsində mübarizə aparan Valentin Xristov birdən və təkanla qaldırmada 3-cü yeri tutsa da, toplamda 4-cülüklə kifayətləndi. Qadınların yarışında isə Azərbaycanı 53 kq çəki dərəcəsində Kristina Yovu təmsil etdi. O, gümüş medal qazanaraq adını Azərbaycan ağır atletikası tarixinə yazdı.

Belə ki, müstəqillik dövründə heç bir qadın atletimiz dünya çempionatlarında mükafat əldə etməmişdi. Təbii ki, buna qədər də Səbinə Rzayeva və Təranə Abbasova kimi ağırlıqqaldıranlarımız müxtəlif yarışlarda ölkəmizi təmsil ediblər. Ancaq Kristina Yovunun qazandığı medal bir ilk oldu. Ümid edirik ki, digər qızlarımız da bu uğuru yaxın zamanlarda təkrarlayacaqlar. Bu yaxınlarda Litvanın Klaypeda şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında Əlizadə Gülçin və Mərziyyə Məhərrəmova bürünc medal qazanmışdılar. Bu o deməkdir ki, gələcəkdə Yovunun nəticələrini arxada qoya bilərik. Hələliksə, məhz Kristina Azərbaycan ağır atletika tarixində bir ilkə imza atıb. Onu bu münasibətlə təbrik edirik.

 

SHARE
Şərh yaz