Milli komandamızın istedadlı ağırlıqqaldıranı Kristina Yovu üçün bu mövsüm uğurlu keçdi. İyulda Kazanda keçirilmiş Tələbələrin universiadasında gümüş mükafata sahib çıxan gənc idmançı, eyni nəticəni oktyabrda Polşanın Vrotslav şəhərində təşkil edilmiş dünya çempionatında da göstərdi.
Qısa zamanda yığma kollektivdə öz çəkisində, 53 kq-da liderə çevrilən Kristina, etimadı bu ay ölkəmizdə keçirilmiş IWF-in qran-pri yarışı çərçivəsində 2-ci beynəlxalq Bakı kubokunda da doğrultdu. Bu dəfə yekun daha uğurlu oldu: Qızıl medal! Saytımızın əməkdaşı ilə söhbətdə, Kristina mövsümün final yarışından danışdı, cari mövsümü dəyərləndirdi və gələcək planları açıqladı:
“Bakı kubokunda qalib olacağımı gözləyirdim. Amma əmin də deyildim. Çünki həmişə istədiyin kimi alınmır”.
– Hər halda, bu il istədiyiniz kimi oldu.
– Bəli, sizinlə razıyam. Cari mövsüm mənim üçün uğurlu keçdi. İştirak etdiyim yarışlarda yüksək yerlər tutdum. Bu qələbələrə yetişməyimdə göstərdiyi dəstəyə və xidmətə görə, başda federasiyamızın prezidenti Cahangir Cavadoviç olmaqla, məşqçilərimə və komanda yoldaşlarıma təşəkkür edirəm. Allahın köməkliyi ilə gələn il də uğurların davamını gətirməyə çalışacağam.
– Belədə, növbəti hədəfiniz nə olacaq?
– 2014-cü ildə Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq dünya çempionatı Rio olimpiadasına lisenziya xalı verəcək. Bu mövsüm olduğu kimi, gələn mövsüm də həmin yarışda fərqlənmək istəyirəm.
– Kristina, bu il keçirilmiş dünya çempionatında gümüş medal qazandınız. Öz çəkinizdə favorit olaraq, məntiqlə, gələn dəfə daha iddialı çıxış etməlisiniz.
– Tamamilə doğrudur. Növbəti mövsümdə öz üzərimdə daha çox işləyib, daha çox səy göstərib, «gümüş»ü «qızıl»a çevirməyə çalışacağam.
– Cavabınızda tam əminlik yoxdur. Demək, zədələnməkdən savayı, ehtiyat etdiyiniz başqa amil də var.
– Doğru dediniz. Bu gün Çin komandası dünya ağırlıqqaldırmasında favoritlərdəndirlər. Ona görə, məşq yükümü bir qədər də artırmalı, yarışda hər yanaşmada diqqətli olmalıyam. Avropada elə də ciddi rəqiblərim yoxdur. Amma dünya çempionatında istənilən sürprizlə qarşılaşa bilərsən.
azerisport.az