2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. Bu gün ilk olaraq Mərziyyə Məhərəmova 48 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
“Goranboy-Zirvə” atleti birdən qaldırma hərəkətində 66 kq çəkinin öhdəsindən gəlib və türkiyəli rəqibi, Aropa çempionu Şaziye Erdoğandan sonra ikinci olub.
Əvəzində Məhərrəmova təkanla qaldırma hərəkətində 82 kq nəticə edib və rəqibini məhz 2 kq üstələyib, bu hərəkətdə qalib olub.
Atletimiz toplam 148 kq (66+82) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mərziyyəni uğurlu çıxış münasibətilə təbrik edir, ona gələcək yarışlarda da qələbələrlə qayıtmağını arzulayırıq.