Məşqçimizin müsahibəsi dünyaca məşhur ağır atletika saytında!

nasiri-barbend“Zirvə” hər keçən gün öz fəaliyyəti ilə həqiqi beynəlxalq idman klubu olduğunu təsdiqləyir. 12 ölkədəki 40-ya yaxın filiallarımızda görülən işlər öz effektini dünya səviyyəsində verməkdədir. Atletlərimiz bütün beynəlxalq yarışlarda iştirak edir, uğur qazanır, zirvələri fəth edirlər. Klubumuzun adını layiqincə təmsil edənlərdən biri də Şahin Nasiridir. ABŞ-dakı “Finiks-Zirvə” klubunun baş məşqçisi olan mütəxəssis, bu il Rio Olimpiya Oyunlarında tələbəsi Morqan Kinqin qadınlar arasında 48 kq çəki dərəcəsində 6-cı yüksək pilləsi ilə fərqlənmişdi. Dünyaca məşhur ağır atletika saytı “Barbend.com” ondan müsahibə götürüb.
“Şahin Nasiri: Amerikanın hələ adını eşitmədiyiniz ən yaxşı ağır atletika məşqçisi” başlığı ilə çıxan müsahibədə mütəxəssisin həm idmançı, həm də məşqçi karyerasına toxunulub, iş prosesi, bacarıq və bilikləri soruşulub, bir çox maraqlı məsələlər müzakirə edilib.
Şahin Nasiri öz növbəsində təmsil etdiyi “Zirve İSC” haqqında danışıb, klubumuz barədə xeyli xoş sözlər deyib. O, qeyd edib ki, klubun mərkəzi bazası Azərbaycandadır və yaxın dostu Tofiq Heydərov rəhbərlik edir. “Zirvə”nin məqsədi dünyanın dörd bir tərəfində istedadlı, ancaq inkişaf etmək imkanları olmayan gəncləri üzə çıxarmaq, onların potensialının həm ağır atletika, həm də digər idman növləri vasitəsilə tam ortaya qoymaq şansı yaratmaqdır. Nasiri dünyaca məşhur digər ağır atletlərdən Kaxi Kaxiaşvili, Hafiz Süleymanov, Denis Qotfrid və başqaları ilə birlikdə klubun Direktorlar Şurasında yer aldığını əlavə edib.
Şahin məlumat verib ki, “12 ölkədə işləyən “Zirvə” həm də gənc atletlərə sağlam həyat tərzini aşılamaq yolu ilə dünyada təmiz, dopinqsiz idmanın inkişafına çalışır. Onlar idman və məşq zalları tikərək filialların istifadəsinə verir, maddi çətinlikləri olan ölkələr və idmançıların da daha imkanlı həmkarları kimi inkişaf etmək, yüksək şəraitlə uğurlar qazanmaq şansı verir. “Zirvə” idman və ədalətli mübarizə yolu ilə dünyanı daha sülh dolu, daha gözəl etməyə çalışır”.
Müsahibənin tam versiyasına aşağıdakı linkdən baxa bilərsiniz:

Shahin Nasirinia: The Best Weightlifting Coach in America You’ve Never Heard Of (Until Now)

SHARE
Şərh yaz