AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı, AAAF Holdinq və Zirvə Liseyinin dəstəyi ilə şəhid Milli Qəhrəman, sabiq ağır atlet və teleoperator Fəxrəddin Şahbazovun anım tədbiri keçirilib. Yüksək milli vətənpərvərlik ruhunda təşkil olunan mərasim böyük maraq və rəğbətlə qarşılanıb. Tədbirdə qonaq qismində AVMVİB-in mərkəzi və rayon şöbələrinin rəhbər şəxsləri və digər əməkdaşları, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Azərbaycanın regionlarından olan qazilər – Zülfi Həsənəliyev və digərləri, şəhid ailələrinin üzvləri, müxtəlif şirkət və qurumların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib.
AVMVİB-in sədr müavini Məhəbbət Qasımovun apardığı və baş təşkilatçı kimi İlahə Məcnunovanın çıxış etdiyi mərasimə Fəxrəddin Şahbazovun həyatı barədə hazırlanan audiosüjetlə start verilib. Burada Milli Qəhrəmanın fəaliyyəti, Qarabağ uğrunda gedən döyüşlərdə bir jurnalist və teleoperator olaraq ön cəbhədə əsgərlərdən geri qalmadığı, ən qaynar nöqtələrə gedərək çəkilişlər etdiyi, orada baş verənləri, həqiqətləri çatdırdığı haqda məlumat verilib. Qeyd olunub ki, Şahbazov özünü əsl vətənpərvər, xalqın mərd oğlu kimi göstərməyi bacarıb. Bu səbəbdən də onun xatirəsi həmişə uca tutulub, sonsuza qədər də tutulacaqdır.
Süjetdən sonra Milli Qəhrəmanın həyat yoldaşı Nəsibə Şahbazovaya söz verilib. O, tədbir təşkilatçılarından razılığını ifadə edərək, yalnız onun məhrum həyat yoldaşı yox, bütün digər qəhrəmanlarımızın xatirəsini uca tutduqları, belə tədbirlər keçirdikləri üçün təşəkkür edib. Nəsibə xanım bildirib ki, Fəxrəddin Şahbazovun həyat yolu və fəaliyyəti başqaları üçün bir nümunədir. Daha sonra Şahbazovun nəvəsi, elə onun adını daşıyan Fəxrəddin də qısaca çıxış edərək babası ilə fəxr etdiyini, böyüyəndə onun kimi şücaətli və cəsur olmaq, Vətənə xidmət etmək istədiyini bildirib.
Sonra növbə çıxışlara çatıb. “Zirvə Liseyi”nin direktoru Xəzər Babayev, Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov, AVMVİB-in sədri Cabbar Cabbarov, Milli Qəhrəmanlar Birliyinin Abşeron şöbəsinin sədri Tərlan Mahmudov nitq söyləyiblər. Onlar Fəxrəddin Şahbazov kimi qəhrəmanlarının irsinin yaşadılmasının vacibliyini vurğulayıblar.
Bildirilib ki, Milli Qəhrəmanımız həm də ağır atlet olub, bir çox nailiyyətlər əldə edib. İdmançı kimi fəaliyyəti nəzərə alınaraq başda Tofiq Heydərov olmaqla Zirvə Beynəlxalq İdman Klubları və AAAF Holdinq, həmçinin Azərbaycan Ağır Atletika Federasiyası olaraq Şahbazovun xatirəsinə həsr olunmuş Respublika və beynəlxalq səviyyəli turnirlər təşkil edilir və bu, arıtq böyük bir ənənəyə çevrilib. AAAF Park tərəfindən qəhrəmanımızın ailəsinə mənzil də hədiyyə olunub.
Azərbaycanın mütləq öz torpaqlarını işğaldan azad edəcəyi və böyük qələbə sevincini yaşayacağına əminliklərini ifadə edən natiqlər, Fəxrəddin şahbazov kimi Milli Qəhrəmanların nümunəsini bundakı rolunu yüksək qiymətləndiriblər.
AVMVİB-in sədri Cabbar Cabbarov çıxışından sonra Şahbazovun nəvəsi Fəxrddin Azərbaycan Respublikasının yaranmasının 100 illiyi medalı ilə təltif edib.
Sonda səhnəyə uşaqlar dəvət edilib. Səyyad və Eltun Məcnunzadə qardaşları, həmçinin digərləri milli-vətənpərvər ruhda şeirlər deyib, mahnılar oxuyublar. Tədbirə tanınmış hərbçi-müğənni Şəmistan Əlizamanlının “Gözlə bizi, Qarabağ, gəlirik!” mahnısının sədaları altında yekun vurulub.