Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmiş azərbaycanlı idmançılar Bakıya qayıdıblar. Onların içərisində iki ağır atlet – Tarmenxan Babayev və Lalə Rzazadə də olub.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər və nümayəndə heyəti, idmançıların yaxınları, media nümayəndələri qarşılayıblar.
İdmançılarımız Tarmenxan Babayev və Lalə Rzazadə, həmçinin onların məşqçiləri, federasiyanın baş katibi Rizvan Rəsulov KİV-ə açıqlamalar verərək yarış barədə fikirlərini bölüşüblər.
Olimpiya Oyunlarında iştirak etmiş 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağır atlet Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.
Yekunda Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.