“Zirvə” Beynəlxalq İdman Klubu sıralarını genişləndirir. Azərbaycan ağır atletikasının lider klubu ölkə idmanına verdiyi töhfələr danılmazdır. Son illərdə onlarla gənc Avropa çempionu, dünya və Avropa çempionatlarının mükafatçısının yetişməsində böyük rolu olan “Zirvə”, yığma komandanın digər üzvlərini də diqqət mərkəzində saxlayır. Belə ki, bu siyasət çərçivəsində daha bir böyük addım atılıb.
London Olimpiadasının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, dünya çempionatının bürünc medalçısı, gənclər arasında dünya və dəfələrlə Azərbaycan çempionu, Avropa rekordunun 11 qat sahibi, bir çox beynəlxalq turnirlərin qalibi Valentin Xristov bu gündən etibarən “Zirvə” Beynəlxalq İdman Klubunun şərəfini qoruyacaq. 21 yaşlı ağır atlet çalışmalarını baş məşqçi, beşqat dünya və ikiqat Avropa çempionu, təcrübəli mütəxəssis Hafiz Süleymanovun rəhbərliyi altında davam etdirəcək.
Artıq Xristova ilk böyük hədiyyə də verilib. “Zirvə” Beynəlxalq İdman Klubu – “Zirve İnternational Sport Clubs”-ın prezidenti Tofiq Heydərov Valentinə 3 otaqlı mənzil hədiyyə edib. Buna səbəb atletin bir neçə gün əvvəl Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında möhtəşəm çıxış edərək qızıl medal qazanmasıdır.
Valentin Hristovu sıralarımızda görmək çox xoşdur. Onun kimi peşəkar, istedadlı və daha da böyük perspektivlər vəd edən atletin klubumuzun gücünə-güc qatacağına şübhə yoxdur. “Zirvə” çempionlar məkanıdır!
XOŞ GƏLDİN, ÇEMPİON!