Olimpiya yığmamızın təqdimatı: bütün idmançılar

Adı: Valentin Snejen Xristov
Doğulduğu tarix : 30.03.1994
Doğulduğu yer: Şumen şəhəri, Bolqarıstan
Şəxsi məşqçisi Zlatan Vanev
Çıxış etdiyi çəki: 56 kq
Olimpiya Oyunlarına sifariş verdiyi toplam start çəki: 290 kq
Əsas rəqibləri:

Nailiyyətləri: 2011-ci il Azərbaycan çempionu, 2011-ci il dünya çempionatının bürünc medalçısı (Paris, Fransa), 2012-ci il Avropa çempionatının qalibi (Antalya, Türkiyə), Gənclər arasında Avropa, Yeniyetmələr arasında dünya rekordçusu.

Olimpiada haqqında: “Bilirəm ki, medal qazanacağam. Fiziki cəhətdən buna hazıram. Psixoloji durumum da qaydasındadır. Şəraitimiz çox yaxşıdır. Bolqarıstanda olan şəraitlə Azərbaycanda bizim üçün yaradılan şərait arasında fərq çox böyükdür. Deyə bilərəm ki, bu atletlərin fiziki və psixoloji hazırlığına da çox müsbət təsir edir. Çünki idmançı üçün yarışlara hansı şəraitdə hazırlaşması çox vacibdir. Məşqlərimiz yüksək səviyyədə gedir. Ümidim medaladır. İnşallah, hər şey düşündüyümüz kimi olacaq. Çünki mən medal uğrunda mübarizə aparmağa hazıram. Parisdəki dünya çempionatına da bu inamla yola düşmüşdüm”.

Adı: Əfqan Bayramov
Doğulduğu tarix: 14.10.1983
Doğulduğu yer: Bakı, Azərbaycan
Şəxsi məşqçisi: Soltan Kərimov
Çıxış etdiyi çəki dərəcəsi: 69 kq
Olimpiya Oyunlarında sifariş verdiyi toplam start çəki: 335 kq
Əsas rəqibləri: Briken Kalya (Albaniya), Martin Razvan (Rumıniya), Arakel Mirzoyan (Ermənistan)
Nailiyyətləri: dəfələrlə Azərbaycan çempionu, 2007 (Paris) və 2009-cu illər (Buxarest) Avropa çempionatlarında 4-cü yer, 2012-ci il Avropa çempionatının (Antalya, Türkiyə) qalibi.

Olimpiada haqqında: “Sevindiricidir ki, bu gün milli komandada London Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış edə biləcək idmançımız çoxdur. Bu, mənim Olimpiadada ikinci iştirakım olacaq. Özüm üçün deyə bilərəm ki, 17 ildir ki, ağır atletika ilə məşğul oluram və hazırda yaxşı formadayam. Bunu Antalyadakı Avropa çempionatında əldə etdiyim nəticə də göstərdi. Əlbəttə ki, vətəninə qızıl medalla qayıtmaq hər bir idmançının məqsədidir. Ən azı üçlüyə düşüb, bürünc medal qazanmaq üçün çalışacağam”.

Adı: İvan Stoitsov
Doğulduğu tarix: 22.03.1985
Doğulduğu yer: Plovdiv, Bolqarıstan
Şəxsi məşqçisi: Zlatan Vanev
Çıxış etdiyi çəki dərəcəsi: 85 kq
Olimpiya Oyunlarında sifariş verdiyi toplam start çəki: 390 kq
Əsas rəqibləri: Kianuş Rüstəmi və Surab Moradi (hər ikisi İran), Andrey Rıbakov (Belarus), Apti Auxadov (Rusiya)

Nailiyyətləri: Gənclər arasında 2004-cü il Avropa çempionu (Burqas, Bolqarıstan), 2004-cü il Afina Olimpiya oyunlarının iştirakçısı (77 kq çəki dərəcəsində, 8-ci yer), 2007-ci il dünya çempionu (Tailand).

Olimpiada haqqında: “Olimpiadaya hazırlıqlarımız yüksək səviyyədə getdi. Bizim üçün çox yaxşı şərait yaradılıb. Nəticələr isə Londondakı yarışlarda bilinəcək. Mənim məqsədim birinci yeri tutmaqdır. Və əminliklə deyə bilərəm ki, buna həm fiziki, həm də psixoloji cəhətdən hazıram. Çünki dünya çempionuyam, Afina Olimpiya Oyunlarında çıxış etmişəm və müəyyən təcrübəm var”.

Adı: İntiqam Zairov
Doğulduğu tarix: 21.04.1985
Doğulduğu yer: Bakı, Azərbaycan
Şəxsi məşqçisi: Maxsum Xasanov
Çıxış etdiyi çəki dərəcəsi: 94 kq
Olimpiya Oyunlarında sifariş verdiyi toplam start çəki: 405 kq
Əsas rəqibləri: Anatoli Siriqu (Moldova), İlya İlyin (Qazaxıstan), Seyid Məhəmmədpurkarkar (İran), Kim Min-Jae (Cənubi Koreya).

Nailiyyətləri: Dəfələrlə Azərbaycan çempionu, 2009-cu il Avropa çempionatının (Rumıniya) gümüş mükafatçısı, 2008-ci il Pekin Olimpiya Oyunlarının iştirakçısı (85 kq-da, 9-cu yer), 2012-ci il Avropa çempionatının (Türkiyə, Antalya) təkanla qaldırmada bürünc mükafatçısı.

Olimpiada haqqında: “Pekin Olimpiadasına gedəndə əsgərlikdən təzə gəlmişdim. İki il ərzində məşq etdim və Olimpiadaya düşdüm. İndi o vaxtla müqayisədə fiziki və psixoloji hazırlığım daha yaxşıdır. London Olimpiadasında da birinci olmaq istəyirəm. Bunun üçün çalışıram, məşq edirəm. Olimpiya oyunlarında iştirak etmək və medal götürmək hər bir idmançının arzusudur”.

Adı: Veliçko Çolakov
Doğulduğu tarix: 12.01.1982
Doğulduğu yer: Smolyan, Bolqarıstan
Şəxsi məşqçisi: Zlatan Vanev.
Çıxış etdiyi çəki dərəcəsi: +105 kq
Olimpiya Oyunlarında sifariş verdiyi toplam start çəki: 440 kq
Əsas rəqibləri: Behdad Səlimikordasiabi, Səyyad Anuşirəvani (hər ikisi – İran), Artyom Udaçin, İqor Şimeçko (hər ikisi – Ukrayna), Ruslan Albeqov (Rusiya).
Nailiyyətləri: 2002-ci il Gənclər arasında Dünya çempionatının (Çexiya) gümüş mükafatçısı,
2003–cü il kişilər arasında dünya çempionatının (Kanada) gümüş mükafatçısı, 2004-cü il Avropa çempionatının (Ukrayna) qızıl, 2006-cı il Avropa çempionatının (Polşa) bürünc mükafatçısı, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı.

Olimpiada haqqında: “Artıq bir Olimpiya medalım var. Birini də Azərbaycan üçün istəyirəm. London Olimpiadasında hansı medal qazanacağımı isə zaman göstərəcək. Indiyədək çox yarışlarda iştirak etmişəm deyə, psixoloji cəhətdən özümü hazır hesab edirəm. Fiziki hazırlığı isə davam etdirmək lazımdır. Əminliklə deyə bilərəm ki, mən bacararam. Yaxşı məşq etmək lazımdır. Azərbaycanda isə bunun üçün hər cür şərait yaradılıb. Bunu sizə 12 il Bolqarıstan milli komandasının heyətində çıxış etmiş atlet kimi deyirəm. Burda idmançılar üçün lazım olan hər bir şərait var”.

Adı: Sərdar Həsənov
Doğulduğu tarix: 12.05.1985
Doğulduğu yer: Bakı, Azərbaycan
Şəxsi məşqçisi: Balabəy Əliyev
Çıxış etdiyi çəki dərəcəsi: 69 kq
Olimpiya Oyunlarında sifariş verdiyi toplam start çəki: hələ açıqlanmayıb
Əsas rəqibləri: Briken Kalya (Albaniya), Martin Razvan (Rumıniya), Arakel Mirzoyan (Ermənistan).

Nailiyyətləri: dəfələrlə Azərbaycan çempionu, Tələbələr arasında ilk dünya çempionatının (Yunanıstan) gümüş mükafatçısı, 2008-ci il Pekin Olimpiya oyunlarının iştirakçısı.

Olimpiada haqqında: “Yığmanın Olimpiadaya hazırlığı yüksək səviyyədədir. Bu, ümidvericidir. İndi əvvəlki dövrlə müqayisədə vəziyyət çox yaxşıdır. Deyə bilərəm ki, yığma medal üçün artıq indidən hazırdır. İnanıram ki, Olimpiadada yaxşı çıxış edəcək və medallardan birinə sahib olacağıq. Məşq planımız düzgün qurulub. Məşqçimiz Nizami Paşayevin çox gözəl məşq planı var. Fiziki hazırlığımız da yaxşıdır. Məsələn, mən o vaxt 160 kq-ı qaldırırdımsa, indi 180-186 kq çəkini qaldıra bilirəm. Bu da ən azı Olimpiadada medal deməkdir. Ümid edirəm ki, bu nəticəni Londonda da təkrarlayıb evə uğurla dönəcəm”.

Adı: Boyanka Kostova
Doğulduğu tarix: 10.05.1993
Doğulduğu yer: Plovdiv, Bolqarıstan
Şəxsi məşqçisi: Kişkilov Laçezar
Çıxış etdiyi çəki dərəcəsi: 58 kq
Olimpiya Oyunlarında sifariş verdiyi toplam start çəki: 225 kq
Əsas rəqibləri: Nastasiya Novikova (Belarus), Hsinq-Çun Kuo (Tayvan), Pimsiri Sirikaev (Tailand), Çun Mi Yonq (Şimali Koreya).

Nailiyyətləri: 2009-cu il yeniyetmələr arasında dünya çempionu (Tailand), 2010-cu il Avropa çempionatının gümüş mükafatçısı (Belarus), 2010-cu il Yeniyetmələr arasında ilk Olimpiya oyunlarının qalibi (Sinqapur), 2012-ci il Avropa çempionu (Türkiyə), 2011-ci il Azərbaycan çempionu.

Olimpiada haqqında: “14 ildir ki, ağır atletika ilə məşğul oluram. Özümdə qüvvə hiss etdim və ştanqı qaldırdım. Mən artıq Sinqapur Olimpiadasında iştirak etmişəm və birinci yeri tutmuşam. Əminliklə deyə bilərəm ki, yenidən olimpiadada iştirak etsəm medal götürəcəyəm. Özümü buna hazır hiss edirəm”.

Adı: Yuliya Dovqal
Doğulduğu tarix: 02.06.1983
Doğulduğu yer: Kirovoqrad, Ukrayna
Şəxsi məşqçisi: Maxsum Xasanov
Çıxış etdiyi çəki dərəcəsi: +75 kq
Olimpiya Oyunlarında sifariş verdiyi toplam start çəki: hələ açıqlanmayıb
Əsas rəqibləri: Tatyana Kaşirina (Rusiya), Mi-ran Yanq (Cənubi Koreya), Nəhla Ramadan (Misir).

Nailiyyətləri: 2011-2012-ci illərdə Azərbaycan çempionu, 2005-ci il Avropa çempionu (Bolqarıstan), 2007-ci il Avropa çempionatının bürünc mükafatçısı (Fransa), 2008-ci il Avropa çempionatının gümüş mükafatçısı (İtaliya), 2012-ci il Avropa çempionatının bürünc mükafatçısı (Antalya), 2008-ci il Pekin Olimpiadasının iştirakçısı.

Olimpiada haqqında: “London hazırlaşdığım sayca üçüncü olimpiadadır. Doğrudur, Afinaya gedə bilmədim, amma Pekində beşinci yeri tutdum. İndi Pekinlə müqayisədə daha yaxşı formadayam. Bu bizim üçün yaradılan şəraitlə bağlıdır. Vaxt azaldıqca, rəqabət də artır. Qabaqcadan proqnoz vermək istəmirəm. Heç kim əvvəlcədən kimin çempion olacağını proqnozlaşdıra bilməz. Deyiblər bu idmançının perspektivi yoxdur, amma o, Olimpiya çempionu olub. Elə də olub ki, bu yüz faiz Olimpiya mükafatçısıdır deyiblər, ancaq o heç bir nəticə göstərə bilməyib. Ona görə qabaqcadan nə isə demək istəmirəm. Hər şeyi zaman göstərəcək. Reallığa qalsa, çempion olmayacağam. Çünki mənim çıxış etdiyim çəki dərəcəsində rəqiblərim güclüdür. Allaha dua edirəm və çalışıram ki, üçlüyə düşüm”.

SHARE
Şərh yaz