Oyunlar kamandan oxatma yarışları ilə davam etdi

Uzun fasilədən sonra ötən həftə çimərlik futbolu yarışları ilə bərpa olunan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları davam edir. Bu dəfə yeniyetmə idmançılar qüvvələrini kamandan oxatmada sınayıblar.

Çox maraqlı və fərqli yarış alınıb. İdmançılar Astarada yerləşən AAAF Paark Yaşayış, İstirahət və Əyləncə Kompleksindəki çimərlikdə qurulan hədəfləri nişan alaraq medal mübarizəsi aparıblar.

Bildiyiniz kimi, dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən builki Oyunlar öz doğru vaxtında başlamadı, aylarla ertələnməli oldu. Buna baxmayaraq, klub olaraq hətta karantin dövründə uşaqlar arasında ilkin mərhələdə basketbol (səbətə top atma) uşaq atletikasından uzununa tullanma yarışları keçirmiş, top atma yarışında simvolik olaraq hər iştirakçı məhz 19 top atmış və bu bizim klub olaraq COVİD-19 pandemiyasına simvolik etiraz və zərbəmiz olmuşdu.

Ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına tam uyğunlaşdırılaraq təşkil edilən oxatma yarışı zamanı şəxsi gigiyena, sosial məsafə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına, həmçinin digər müvafiq tələblərə riayət olundu, iştirakçıların sağlamlığı ön plana çıxarıldı. Gənc kamandan oxatanlarımız həm rahat, həm də təhlükəsiz şəkildə yarışaraq qalibləri müəyyən etdilər.

Yarış qızlar və oğlanlar arasında təşkil edildi. Zərif cinsin nümayəndələri arasında hədəfi ən dəqiq Özay Qasımova, oğlanlarda isə Əli Süleymanov nişan alaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.

Qızlar

  1. Özay Qasımova (Zirvə)
  2. Nəzrin Zamanova (Məhsul)
  3. Aydan Əhmədova (Zirvə)

Oğlanlar

  1. Əli Süleymanov (Məhsul)
  2. Amiran Morozeviç (Zirvə)
  3. Zahid Kazımov (Zirvə)

 

ŞƏKİLLƏR

Klub olaraq yarışın təşkilində göstərdikləri dəstəyə görə Astara idman könüllülərinə təşəkkür edirik.

 

Növbəti həftələrdə kartinq, 3×3 basketbol. atletika və digər yarışların keçirilməsi nəzərdə tutulub. Yarışların Astara AAAF Park, həmçinin yeni inşa olunan “Qamışoba Zirvə Beynəlxalq-Təlim-Məşq Bazası”nın ərazisində yerləşən idman qurğularında təşkili planlaşdırılıb. Seçim edilərkən yarışların açıq havada keçirilə, həmçinin karantin qaydalarına tam riayət edilə bilmə ehtimalı diqqətə alınıb. Qeyd olunub ki, qalib və medalçılara hədiyyələr və mükafatları xüsusi rejiminin qaydalarına uyğun şəkildə təqdim ediləcəkdir.

8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, ümummilli lider Heydər Əliyev irsini qorumaq və davam etdirməkdir.

Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.

SHARE
Şərh yaz