“Zirvə” İdman Klubunun Polşada filial açmaq istəyi yerli mətbuatın diqqət mərkəzinə düşüb. Terespol şəhərində qurulacaq yeni klubun sənədləşmə işləri başa çatmaq üzrə olduğu bir vaxtda yazılan məqalə baş verənlərin necə böyük əhəmiyyət daşıdığınə göstərir.
“Slovo Podlasia” qəzetinin 21-ci (27.05-02.06.2014) sayında Kamila Koledanın qələmə aldığı yazıda klubumuzun prezidenti Tofiq Heydərovun Polşa səfəri haqda ətraflı bəhs edilib. Qeyd olunub ki, bu səfər ölkədə ağır atletikanın gələcəyinə təkan baxımından çox böyük əhəmiyyət daşıyır. “Zirve İnternationa Sport Clubs” çərçivəsində qurulan “Terespol-Zirvə” klubunun yaradılmasını böyük şans kimi dəyərləndirən müəllif, böyük çətinliklərin arxada qalmasına şad olduğunu dilə gətirir. Regionda gənc nəsil idmançıların yüksək şəraitdə yetişməsi üçün əla imkan olan “Zirvə”nin Polşaya gəlişi böyük uğur kimi qələmə verilib.
Yazıda klubumuz haqqında geniş məlumat verilib, atletlərimizin beynəlxalq arenalardakı uğurları xatırladılıb. Prezidentimiz Tofiq Heydərovun iş adamı olmaqla yanaşı sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı olması bildirilib. Tofiq Heydərovun Polşa səfəri ətraflı işıqlandırılıb, onun əvvəlcə Polşa Ağır Atletika Federasiyasının prezidenti Şimon Koletski ilə görüşməsi, sonar isə Terespol şəhərinə baş çəkib təsisləri gəzməsi, burada böyük idman kompleksi tikdirmək istəməsi haqda məlumat verilib.