Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Təltif edilənlər arasında tanınmış sabiq idmançılar da olub ki, onlardan biri də Elxan Süleymanovdur. Ağır atlet olaraq Azərbaycanı bir çox beynəlxalq yarışlarda layiqincə təmsil etmiş, bayrağımızın yüksəlməsində əməyi olmuş mütəxəssis hazırda beynəlxalq dərəcəli hakim olaraq fəaliyyətini davam etdirir. O, məşhur idmançı ailəsi olan Süleymanovlar ailəsinin bir üzvüdür.
Adıçəkilən tədbirdə Elxan Süleymanovun Azərbaycan idmanına verdiyi töhfə yüksək qiymətləndirilib. Bu səbəbdən Prezident İlham Əliyev ona yeni mənzilin orderini təqdim edib.
Elxan Süleymanov tədbir və dövlət başçısının bu diqqəti barədə fikirlərini bölüşüb: “Çox sevincliyəm. Bu il mənim üçün çox düşərli oldu, çox yaxşı keçdi. Həyatımı idmana həsr etmiş birisi kimi deyə bilərəm ki, bizlərə göstərilən diqqət barədə ən xoş sözlər işlətmək olar.
Azərbaycan bir idman ölkəsidir və dövlətimizin başçısı Cənab İlham Əliyev də idmana öz qayğısını heç vaxt əsirgəmir. Mənim fəaliyyətimi bu qədər yüksək qiymətləndirməsi də çox böyük qürur və fəxr oldu. Prezidentimizə buna görə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Cənab İlham Əliyevin işini mən hələ idmançı olduğum dövrlərdə bilavasitə görmüş, təqdir etmişəm. Qeyd etdiyim kimi, o həm o vaxtlar, həm də indi Azərbaycan, onun idmanına layiqli xidmət edir, biz idmançıları, idman adamlarını, onların əməyini yüksək qiymətləndirir. Bir daha ona çox sağ ol deyir, bir dövlət başçısı və bir böyük idmansevər olaraq fəaliyyətində ən böyük uğurlar arzulayıram. Əminəm ki, məhz onun dəstəyi ilə Azərbaycan və onun idmanı, bundan sonra da ən böyük zirvələri fəth etməkdə davam edəcəkdir.
Mənə bu fəaliyyətimdə dəstək olan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılova da xüsusi təşəkkürlərimi bildirirəm. Onların əməyi danılmazdır. Azərbaycan Ağır Atletika Federasiyası və “Zirvə” Beynəlxalq İdman Klublarının rəhbərliyinə də təşəkkür edirəm”.