Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Onların arasında “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndələri də olub. Belə ki, Prezident İlham Əliyev pauerliftinqçi, üçqat dünya çempionu, təcrübəli idmançı Ramil Əhmədova Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanı ilə təltif edib.
Dövlət başçısı tərəfindən belə yüksək mükafata layiq görülən idmançımız verilən dəyərdən çox məmnun qalıb. O, hisslərini belə bölüşüb: “İlin yekunlarına həsr olunmuş belə tədbirdə iştirak etmək və şəxsən Prezident tərəfindən fəxri fərmanla təltif olunmaq mənim üçün böyük şərəfdir. Bu, mənim əməyimə və pauerliftinq idmanı üçün etdiklərimə verilən ən yüksək dəyərdir. Dövlət başçımıza minnətdaram!
Bununla yanaşı, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevə, pauerliftinq federasiyasının rəhbərliyinə, dostum və məşqçim Hafiz Verdiyevə, həmçinin “Zirvə”nin prezidenti Tofiq Heydərova dəstəklərinə görə təşəkkür edirəm”.
Biz də “Zirvə” Beynəlxalq İdman Klubları olaraq idmançımızı təbrik edir, ona gələcəkdə də böyük uğurlar qazanmağı arzulayırıq!