17-21 avqust tarixlərində “AAAF Park Yaşayış Kompleksi”nin yeni yarış zalında “8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” keçirildi. Bu turnirdə bir çox yetərincə güclü atletlər medallar uğrunda mübarizə apardılar. Polşa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İran, Belarus və Moldovadan olan idmançılarla yanaşı, Azərbaycanın da böyük potensial və perspektivi olan ağırlıqqaldıranları da güclərini sınadılar.
Onların içərisində ikisini xüsusilə fərqləndirmək lazımdır. Qazax idmançısı Əlizadə Gülçin və Lənkəran təmsilçisi Rüstəm İmanzadə Azərbaycan ağır atletikasının ən böyük ümid yerlərindəndir. Ötən ilin sentyabrında Litvanın Klaypeda şəhərində keçirilən U-17 Avropa çempionatında yüksək nəticələr nümayiş etdirən bu gənclər, hazırda Çinin Nanjin şəhərində davam edən Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarından medallara iddialı və hazır olduqlarını nümayiş etdirmişdilər. Gülçin qızların mübarizəsində 53 kq-da toplamda 150 kq (67+83) nəticə ilə bürünc medala sahib çıxmışdı. Rüstəm isə daha yaxşı çıxış edərək mütləq çempion adına layiq görülmüşdü. O, yaşı 15-ə qədər olan oğlanların yarışında 62 kq çəki dərəcəsində toplamda 233 kq-ı (103 kq + 130 kq) ram etmişdi. İmanzadə Avropa çempionluğunu ən yaxın izləyicisini 26 kq (!) qabaqlayaraq qazanmışdı. Azərbaycan Kubokunun qalibi, yeniyetmələrin dünya birinciliyində 5-ci yerin sahibi, 3-cü Beynəlxalq Rumi Uşaq İdman Oyunlarının qızıl medalçısı, yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionu titullarını daşıyan atlet, Klaypedada Sinkleyr cədvəli üzrə 345,72 xalla Avropa birinciliyinin ən yaxşı idmançısı da seçilmişdi.The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
Bu idmançılar klubumuzun təşkil etdiyi Dünya Çempionatında da yaxşı nəticələr göstərərək bunu bir daha sübut etdilər. Ancaq təəssüf ki, bizdən asılı olmayan səbəblərdən Azərbaycan Ağır Atletika Federasiyasının aldığı cəza bu istəklərin həyata keçməsinə imkan vermədi. Gülçin və Rüstəm nə bu ilin aprelində Polşanın Çexanov şəhərində keçirilən Yeniyetmələrin Avropa Çempionatı, nə də Nankindəki Olimpiadaya qatıla bilmədilər. Heç bir günahı olmayan atletlərin belə duruma düşməsi bizləri çox üzür.
Xüsusilə, İmanzadənin “Zirvə”nin Dünya Çempionatında körpücük üzərindəki nəticələrini qeyd etmək gərəkdir. Rüstəm, yaşı 17-yə qədər olan idmançıların mübarizəsində birdən qaldırmada 120 kq, təkanla qaldırmada isə 140 kq nəticə nümayiş etdirdi. O bunu avqustun 18-də etdi. Cəmi bir gün sonra, paralel keçirilən Olimpiadada qızıl medala layiq görülən şimali koreyalı Pak Jonqyu birdən qaldırmada 120 kq, təkanla qaldırmada isə 143 kq nəticə göstərdi. İmanzadənin çəkisinin rəqibindən təxminən 1 kq yüngül olması da unutmaq olmaz. Əminliklə söyləmək olar ki, idmançımız Nankindəki yarışa qatılsaydı, Azərbaycan ağır atletikası daha bir Olimpiya çempionunu qazanacaqdı. Klubumuzun Dünya Çempionatının vaxt olaraq məhz bu günlərə salınmasının məqsədi də bunu hamıya göstərmək, itirilən şansın necə böyük olduğunu ortaya qoymaq idi.
Rüstəm özünü həqiqi çempion kimi göstərdi. Əzmkarlığına şübhə olmayan gənc atletin Olimpiya qələbəsi istəyi o qədər böyük idi ki, yarışın keçirildiyi Nanjing şəhərinin adını və Olimpiya Oyunlarının emblemini qoluna döydürmüşdü. Hər yanaşmasından sonra o döyməni göstərən idmançımız, bununla dünyanın ən yaxşısı adını qazanmağa layiq və hazır olduğuna işarə edirdi.
Cəmi 16 yaşı olan Rüstəm ən kiçik yaşlarından “Zirvə” İdman Klubunun yarışlarından iştirak edərək uğurlarını sıralayıb. Zona, final və kubok yarışlarında, həmçinin Respublika birinciliklərində müvəffəqiyyətlərə nail olan İmanzadə, böyük potensialını ilk günlərdən göstərmişdi. Onun “Zirvə” İdman Klubunun gənc, eyni zamanda çox təcrübəli məşqçisi Qasımov Anarın rəhbərliyi altında cəmi 6-7 il əvvəlki şəkillərinə baxanda necə böyük inkişafa nail olduğunu sezmək çətin deyil. Rüstəm hər yarışda daha da güclənir, əldə etdiyi nəticə ilə kifayətlənmir, biraz daha yaxşı çıxış etməyə çalışır. Onun bu zəhmətinin hədər getməsi düz olmazdı.
Buna görə də, “Zirvə” İdman Klubunun rəhbərliyi həm Rüstəm İmanzadə, həm də Gülçin Əlizadənin çıxışlarını Olimpiya çempionluğu və mükafatçısı kimi qiymətləndirmək qərarına gəlib. Bildiyiniz kimi, hər ilin sonunda ilin yekunlara həsr olunmuş iclas keçirilir. Artıq qərar qəbul edilib ki, hər iki idmançının “8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı”ndakı çıxışı Olimpiadadakı çıxış kimi qiymətləndirilsin və müvafiq pul mükafatları ilə təlfit olunsunlar. İnanırıq ki, bu həvəsləndirici addım gənc atletlərimizə ruhdan düşməməyə, uğurların davamını gələcəkdə də gətirməyə kömək edəcəkdir.The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions