Olimpiya və dünya çempionatlarının mükafatçısı, Avropa çempionu, türkiyəli ağır atlet Sibel Özkan “Ədalət” qəzetinə müsahibə verib. O, söhbət zamanı Azərbaycan ağır atletikası haqda da danışıb. Sibel həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunu xüsusilə fərqləndirib.
Müsahibənin maraqlı hissəsini seçərək sizə təqdim edirik:
– Azərbaycandan dəvət gəlsə, qəbul edərsiniz?
– Azərbaycanla danışıqlarım olub, sadəcə, şərtlər qanedici deyildi. Bir klubla görüşdüm. Gələcəkdə şərtlər uyğun olarsa, təbii ki, dəyərləndirərəm.
– Azərbaycan haqqında nələri bilirsiniz?
– İdmanı haqqında məlumatım sadəcə, ağır atletika səviyyəsindədir. “Zirvə” İdman Klubu haqqında məlumatım var. Ağır atletikanı geniş maraq dairəsinə gətiriblər. Çox böyük idman kompleksi yaradıblar. Bir çox ölkələrdən olan əcnəbi idmançılara dəstək göstərirlər. Bir ağır atlet olaraq Azərbaycanda bu idman növünə yüksək dəstək göstərilməsi məni çox sevindirir.
Adət və ənənələri bütünlüklə bizimlə oxşardır. Ağzımızın dadı və yeməklərimiz də demək olar eynidir. Yeganə fərqli yeməyimiz “Südlü aş”dır ki, o da sizdə var, bizdə yox. (gülür)
– Hansı idmançılarımızı tanıyırsınız?
– Ağır atletika yığmasının üzvü Boyanka Kostovanı tanıyıram. Tiflisdə keçirilən Avropa çempionatında çox gözəl çıxış etdi. Formasını qoruya bilsə, olimpiya və dünya çempionatlarında da ən azından mükafatçılar sırasına düşə bilər.
– Sadəcə Boyankanı?
– Hazırda başqa birinin adı yadıma düşmür. Bir neçəsini vizual olaraq tanıyıram.
– Bir neçə gün sonra paytaxtımızda təşkil olunacaq Avropa Oyunları haqqında məlumatınız var?
– Bəli. Bu, tarixi bir yarışmadır. Amma təəssüf ki, ağır atletika bu mötəbər turnirin proqramına salınmadı. Yoxsa, ilk turnirin ilk qaliblərindən olmağı çox istərdim.
Ağır atletika o qədər də məşhur, hər kəsin azarkeşlik etdiyi idman növü deyil, amma ölkənizdə təşkil olunan turnirlər həmişə ajiotajla qarşılanır, arena azarkeşlə dolur. Ümumiyyətlə, ölkənizdə idmana verilən yüksək dəyər göz göz önündədir. Azərbaycanı təmsil edən idmançılar hər cəhətdən çox şanslıdırlar.