Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun xarici filiallarının üzvləri də iştirak edirlər.
Onlardan biri “Smolyan-Zirvə” təmsilçisi Qalya Şatovadır. Dəfələrlə klubumuzun kuboku və çempionat yarışlarında çıxış edib mükafatçı və qalib olan bolqar atlet yaşı 15-ə qədər olan qızların 58 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Tanınmış sabiq ağır atlet Veliçko Çolakovun yetirməsi olan Qalya birdən qaldırma hərəkətində 78 kq-ın öhdəsindən gələrək bütün rəqiblərini üstələyib.
Təkanla qaldırma 90 kq-ı ram edən Şatova bu hərəkətdə də hamını qabaqlayıb.
Toplam 168 kq (78+90) nəticə ilə “Smolyan-Zirvə”nin gənc ağırlıqqaldıranı Avropanın zirvəsinə yüksəlib.
Həm Qalya, həm onun məşqçiləri, həm də qələbədə əməyi olan hər kəsi təbrik edir, daha böyük uğurlar arzulayırıq!