Şüa Hüseynovun 80 illik yubileyi qeyd edildi

Fevralın 27-də AAAF Park Yaşayış Kompleksində yerləşən “Şəms” restoranında ağır atletika mütəxəssisi, bu idman növünün inkişafında xüsusi əməyi olan Şüa Hüseynovun 80 illik yubiley mərasimi keçirildi. Tədbirə çox sayda veteran atlet, mütəxəssis və digər mötəbər qonaqlar qatılmışdı. Yubileydə Hüseynovun həyat fəaliyyəti haqqında xoş fikirlər bildirildi, təbriklər edildi, hədiyyələr təqdim olundu. Mərasim yüksək təşkilatçılıq və dostluq ab-havasında keçdi.

Açılış nitqindən sonra çıxış üçün səhnəyə ilk “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti, AAAF Holdinqin rəhbəri Tofiq Heydərov dəvət edildi. O, Hüseynovun Azərbaycan ağır atletikasının keçmişində müstəsna fəaliyyəti barədə xoş sözlər dedi, uzun illər ərzində idmana xidmətini yüksək qiymətləndirdi. Çıxışdan sonra Heydərov Azərbaycan Ağır Atletika Federasiyasının xüsusi hədiyyəsini – yubilyarın fotosunun toxunduğu xüsusi xalçanı Şüa Hüseynova təqdim etdi.

Daha sonra Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun təbrik məktubu oxundu. Məktubda yubilyarın Azərbaycan idmanının inkişafındakı xidmətlərini qeyd edən nazir, fəaliyyətinə görə Hüseynova təşəkkürünü bildirdi, ona uzun ömür arzuladı. Nazirliyin nümayəndəsi Fəxrəddin İsmayılov da söz alaraq AAAF sabiq prezidenti Şüa Hüseynovu təbrik etdi.

Tədbir ərzində AAAF-ın rəyasət Heyətinin üzvü Azad Mustafayev, ağır atletika mütəxəssislər Namiq Nəcəfov, Cəbrayıl Cəbrayılov, Tofiq Cəbrayılov, ADBTİA-nın təkmübarizəli idman növləri kafedrasının müdiri Xanlar İbrahimov da çıxış edərək Şüa Hüseynovun həyatı, əldə etdiyi uğurlar, nailiyyətlər, gördüyü işlər barədə danışdılar, xatirələrini bölüşdülər, təbriklərini çatdırdılar.

Yubiley xüsusi dəvət olunmuş müğənninin də xoş ifaları ilə müşayiət olundu.

Sonda 80 illik yubileyini qeyd edən Şüa Hüseynov da çıxış edərək tədbirə gələn, nitq söyləyən hər kəsə, təşkilatçılara, xüsusilə də Tofiq Heydərova təşəkkürünü bildirdi, bu günün onun həyatının ən əamətda günlərindən birinə çevrildiyini qeyd etdi.

SHARE
Şərh yaz