Azərbaycan Superliqasında fasilə başa çatıb. Komandalar yenidən mübarizəyə qoşulub, tamaşçılara maraqlı matçlar izlətdiriblər. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən qarşılaşmalarda həm gözlənilən, həm də sürpriz nəticələr qeydə alınıb.
Çempionatın liderləri “Zirvə Astara” və “Atom” yenə də qələbə qazanıb, mövqelərini möhkəmləndiriblər. Fasilə zamanı güc itirməyən komandalar rəqiblərini asan məğlub ediblər. “Zirvə Astara” yenə də öz liderl basketbolçularının gözəl performansı ilə böyük fərqlə üstünlük əldə edib. Çarlz İton 29, Endər Poladxanlı isə 21 xal toplayaraq komandalarının “Sıçrayış” üzərindəki 105:80 hesablı qələbəsində böyük pay sahibi olublar. “Sıçrayış”da ən sərrast oyunçular Polad Həsənov və Nicat Məmmədli olub.
“Atom” da əla oyunla qalib gəlib. İvan Timoşuk və Maksim Teryanikin hərəyə 33 xal topladığı matçda “Atom” rəqibini 110:64 hesabı ilə məğlub edib. Hazırda “atomçular” lider “Zirvə Astara”nın ən yaxın izləyiciləridirlər və xal fərqinin artmaması üçün qazandıqları qələbələr çempionata əlavə rəng qatır.
Günün 3-cü matçın “Xırdalan”la “Sərkərdə” üz-üzə gəlib. Xırdalanlılar çox sayda hücumlar təşkil edərək qələbə qazanmaq üçün irəli atılsalar da, rəqib daha dəqiq oynayaraq üstünlük qazanıb. “Sərkərdə” komandasından Stanislav Alekseyçuk 26, Yuri Loxmanyuk isə 15 xalla fərqlənib. “Xırdalan”da isə Şirad Şirzadov 18, David Dadunaşvili 12 xalla ən sərrastlardan olub. Oyunu isə “Sərkərdə” 81:60 hesabı ilə udub.
Parket üzərinə son olaraq “Gəncə” və “Atletik” komandaları çıxıblar. Bu qarşılaşmada gözlənilməz nəticə qeydə alınıb. Çempionata yaxşı nəticələrlə başlayan gəncəlilərin enişi davam edir və komanda heç cür qara zolaqdan çıxa bilmir. Yevgeni Suxanyakanın 20, Robert Vudsonun 15 xalı da yetərli olmadığından “Atletik” qalib tərəf olub. Qarşılaşma 76:59 hesabı ilə “Atletik”in xeyrinə başa çatıb. Onlarda Aleksandr Şostuxa 29 xalla ən sərrast oyunçu olub.