28 fevral – 1 mart tarixlərində Bakı şəhər Gənclər və idman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə “26 fevral – Xocalı soyqırımı”na həsr olunmuş Bakı şəhər açıq birinciliyi keçirilib. Yarışda 50 yerli klub və cəmiyyətdən, həmçinin Rusiya və Gürcüstandan ümumilikdə 750-yə qədər uşaq, yeniyetmə və gənc idmançıların qatıldığı yarışda “Zirvə” təmsilçiləri də olub. “Abşeron-Zirvə” və “Ağsu-Zirvə” taekvondoçuları birlikdə 9 medal – 2 qızıl, 2 gümüş və 5 bürünc medalla fərqləniblər.
Cavanşir Mirzəyevin rəhbərlik etdiyi “Ağsu-Zirvə”çilərdən Nigar Abdullayeva 44 kq çəki dərəcəsində (yeniyetmələr, 2006-cı il) qızıl, Xəlil Nəbizadə +65 kq-da (yeniyetmələr, 2007) və Emil Feyzullayev 48 kq-da (uşaqlar, 2009) gümüş, Hüseyn Atababayev 65 kq-da (yeniyetmələr, 2007) və Mehriban Gülməmmədova 55 kq-da (yeniyetmə, 2006) bürünc medal əldə ediblər.
“Abşeron-Zirvə”də isə Azər Süleymanovun tələbələrindən Səadət Abasova 47 kq-da (yeniyetmələr) qızıl, Süleyman Süleymanov 49 kq-da (yeniyetmələr), Fərid Gülməmmədov 37 kq-da (yeniyetmələr) və Elnur Məmmədli 48 kq-da (uşaqlar) bürünc medala sahib çıxıblar.
Təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!