Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı davam edir. Bu gün oğlanların yarışında 85 kq çəki dərəcəsində Tarmenxan Babayev körpücük üzərinə çıxıb.
Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.
Atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub.
Tarmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə 2-ci yeri tutub.
Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tarmenxan Babayev Yeniyetmələrin Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.
Gənc atletimizə nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edir, ilk Olimpiya medalı münasibətilə təbrik edirik!