9-12 iyul tarixlərində Çexanov şəhərində Polşanın ağır atletika üzrə Gənclər Olimpiadası keçirilib. Yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun yerli filialı – “Terespol-Zirvə” təmsilçiləri də iştirak ediblər. Sevindiricidir ki, atletlərimiz çox gözəl çıxış edərək, onlara olan etimadımızı artıqlaması ilə doğruldublar.
Qızların yarışında – 44 kq çəki dərəcəsində Klaudia Xomyuk qızıl medal qazanıb. Klubumuzun gənc atleti toplamda 43 (19+24) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Oğlanlarımızdan Kasper Maqelnitski gözəl çıxış edib. O, 56 kq çəki dərəcəsində toplam 195 (90+105) kq nəticə göstərib. Bu nəticə ilə o, bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib.
Eyni uğuru 85 kq çəki dərəcəsində Mateuş Skulimovski qazanıb. O, toplamda 301 kq (135+166) nəticə göstərib. Skulimovski gərgin mübarizədə qalib gələrək daha bir qızıl medalı klubumuzun aktivinə yazdırıb.
Bu nəticələr “Zirvə”yə daha bir böyük qələbə gətirib. Belə ki, 3 qızıl medal qazanan “Terespol-Zirvə” klubların sıralamasında birinci yerə yüksəlib!
Komandamızı bu münasibətlə təbrik edir, uğurlar arzulayırıq!