“Terespol-Zirvə”nin atletləri növbəti yarışda iştirak edərək Polşa filialımızı layiqincə təmsil ediblər. Yeniyetmələr arasında “X Pulava Kuboku” turnirinə baş məşqçi Marek Zielonkanın rəhbərliyi altında qatılan idmançılarımız 2 qızıl və 1 gümüş medal əldə ediblər.
Qızların yarışında Anna Xomyuk 63 kq çəki dərəcəsində 1-ci yerə çıxıb. O, toplamda 101 kq (45+56) nəticə əldə edərək bütün rəqiblərini qabaqlayıb.
Oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində Patrik Dekert körpücük üzərində lazımi çıxış edə bilməyib. O, təkanla qaldırmada 38 kq-ın öhdəsindən gəlsə də, birdən qaldırmada “sıfır” nəticə göstərdiyinə görə medal əldə etməyib.
56 kq çəki dərəcəsində isə Kasper Magelnitski fərqlənib. Bir neçə gün əvvəl “Zirvə” İK-nın Dünya Çempionatında da çıxış etmiş idmançı, yeni yarışda toplamda 167 kq-ı (75+92) ram edərək qızıla sahib çıxıb.
69 kq çəki dərəcəsində Yustimyuk Karol fəxri kürsünün ikinci pilləsində yer alıb. O, 167 kq (70+97) nəticə ilə yalnız Mileviç Mateuşdan geri qalıb.