Martın 24-28-də Ukraynanın Kolomiya şəhərində yaşı 20-yə qədər olan gənclərin ölkə birinciliyi keçirilib. Yarışda 150-yə yaxın atlet medallar uğrunda mübarizə aparıb.
Birincilikdə “Jidaçiv-Zirvə” klubunun nümayəndələri də qüvvələrini sınayıblar. Onlardan üçü uğur qazanmağı bacarıblar.
62 kq çəki dərəcəsində mübarizə aparan Oleq Mahmudov təkanla qaldırmada 119 kq nəticə göstərərək bu hərəkətdə 2-ci yerə çıxıb. O, toplamda 212 kq (93+119) nəticə ilə 4-cü olub.
69 kq çəki dərəcəsində birdən-birə iki idmançımız fəxri kürsüyə qalxıb. Vasil Kalapaç toplamda 246 kq (116+130) nəticə göstərib və gümüş medala sahib çıxıb. Qızıl medalı isə “Jidaçiv-Zirvə”nin daha bir atleti – Artur Qordişinski qazanıb. O, toplamda 257 kq (117+140) nəticə göstərərək çempion olub.
105 kq çəki dərəcəsində də qalib adına klubumuzun nümayəndəsi çıxıb. Volodimir Qoza toplam 373 kq (171+202) nəticə ilə bütün rəqiblərini qabaqlayıb. 19 yaşlı ağır atlet ən yaxın izləyicisində 35 kq (!) çox çəkini ram etməklə səviyyə fərqini ortaya qoyub.
Qalib və mükafatçıları təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!