Bu gün Rumıniyanın Buxarest şəhərində ağır atletika üzrə yeniyetmələr arasında 10-cu Avropa birinciliyi start götürdü. Məhz bu gün 50 kq çəki dərəcəsində Valeh Baxşalızadə mübarizəyə qoşuldu. Sevindiricidir ki, gənc atletimiz Avropa çempionu olmağı bacardı!
Valeh birdən qaldırma hərəkətinə uğurlu başladı. Əvvəlcə 83 kq-ı başı üzərinə qaldıran 15 yaşlı idmançımız, daha sonar 88 kq-ı ram etdi. Son cəhdində 91 kq sifariş versə də, qaldıra bilmədi və bu hərəkətdə üçüncü yeri tutdu.
Təkanla qaldırma hərəkəti idmançımız üçün daha yaxşı keçdi. “Zirvə” İdman Klubunun yetirməsi olan Baxşəlizadə ilk cəhdində 111 kq-ı qaldırdı. Daha sonra 116 kq-ı ram edən Valeh bununla Avropa çempionluğunu rəsmiləşdirdi. 3-cü cəhdində sifariş verdiyi 120 kq-ı qaldıra bilməməsinin, heç bir əhəmiyyəti qalmadı.
Beləliklə, toplamda 204 kq (88 kq + 116 kq) nəticə göstərən Valeh Baxşəlizadə, ən yaxın izləyicisi olan rusiyalı atleti 5 kq qabaqlayaraq Avropa çempionu oldu!
Bütün ağır atletika sevərləri və bu qələbədə əməyi olan hər kəsi təbrik edirik!