“Zirvə” İdman Klubunun Azərbaycan ağır atletikasının inkişafına verdiyi təkan göz qabağındadır. Qısa müddət ərzində yetişdirilən və böyük uğurlar qazanmağa başlayan gənc ağırlıqqaldıranların əksəriyyəti məhz bizim klubun yetirməsidir. Azərbaycanın bir çox bölgələrində filialları olan, müxtəlif yaşdan olan yüzlərlə idmançını öz bayrağı altında birləşdirən klubumuz, zirvələri fəth etməkdədir.
15 yaşlı Valeh Baxşalizadənin Rumıniyanın Buxarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birincliyinin qalibi olması hamımızı sevindirdi. Üstəlik, gənc idmançımızın eyni zamanda təkanla qaldırma hərəkətində Avropa rekordunu yeniləməsi sevincimizə sevinc qatdı. Klubumuzun rəhbərliyi, bütün məşqçilər və atletlərimiz bu qələbənin layiqli olduğunu hesab edərək, Valehi təbrik etdilər.
1997-ci ildə Goranboy rayonunda anadan olan Valeh Baxşəlizadə, ən kiçik yaşlarından ağır atletikaya meyl göstərib. Şəxsi məşqçisi Kərim Kərimlinin yanında idmanın sirrlərinə yiyələnən gənc “Zirvəçi”miz, tezliklə həm klub, hm də respublika səviyyəsində qələbələr qazanmağa başlayıb. 2008-ci ildən etibarən “Zirvə” İdman Klubunun yarışlarına qatılan Valeh, dəfələrlə həm zona, həm də yekun- final mərhələlərində qızıl medallara sahib çıxıb. Rəqiblərindən güclü olduğu çox tez sezilən Baxəlizadə, yeniyetmələr arasında üç dəfə Azərbaycan çempionu adını da qazanıb. Bununla yanaşı, məktəblilərin ümumrespublika spartakiadasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Valeh, məşqçilərinin və bütün idmansevərlərin etimadını doğruldub. Yaşının az olmasına baxmayaraq, özünəinamlılığını, mübarizliyini nümayiş etdirən kiçik qəhrəmanımız Avropa çempionatına da qızıl medal dalınca yollanmışdı. Maraqlıdır ki, hamı ondan bu uğuru gözləyirdi. Yəni həm məşqçisi, həm də valideyni onun qızıl medal gətirəcəyinə əmin imiş. Səbəb isə çox sadədi: Valeh yarışa getməzdən əvvəl hamıya “çempion olacam” demişdi. Sözünün də üstündə durdu.
Valehin atası Rizvan müəllim də eyni sözü dedi. Sevincini bizimlə bölüşən valideyn oğluyla fəxr edir: “Özümü çox xoşbəxt hiss edirəm. Sevinirəm ki, oğlum həm biz, həm də Azərbaycan üçün belə qələbə qazanıb. Yarışdan əvvəl də əmin idim ki, o qələbə qazanacaq. Özü də Rumıniyaya getməzdən əvvəl demişdi ki, mən qızıl medal qazanmağa gedirəm. Ora da məhz bu hisslə gedərək çempion oldu. Bir valideyn kimi çox sevinirəm və çox xoşbəxtəm”.
Valehin şəxsi məşqçisi Kərim Kərimli də yetirməsinin çxışından razıdır: “Həm bir məşqçi, həm də bir azərbaycanlı kimi bu qələbəyə sevinirəm. Sevincimin həddi-düdudu yoxdur. Valeh həmişə inandığım idmançılardan idi. Onun məşqlərində də çempion olacağını sezmək olardı. Yarışdan qabaq məşqdə birdən qaldırmada 91 kq, təkanla qaldırma isə 120 kq-ı qaldıra bilmişdi. Ona görə də, bu qələbə mənim üçün həm də gözlənilən qələbə idi. Əmin idim ki, Valeh Avropa çempionatından medulla qayıdacaq. Qalmışdı onun rəngini müəyyənləşdirmək. Yaxşı ki, bu medal qızıl oldu”.
Biz də Valehin həm valideyni, həm də məşqçisinə çox sağ ol deyir, belə bir idmançının yetişməsində göstərdikləri hər bir səyə görə onlara təşəkkür edirik!