Valentin Xristov: “Hədəfim dünya çempionluğudu”

xristov birden qaldirma

IWF-in qran-pri yarışı çərçivəsində keçirilən 2-ci beynəlxalq Bakı kubokunda qalib adını qazanan Valentin Xristovun (62 kq) gələn mövsüm böyük iddiası var. Ttitullu ağırlıqqaldıran müsahibəsində cari mövsümü dəyərləndirib, gələcək planlarından danışıb.
– Ötən il bu turnirə az idmançı qatılmışdı. Bu dəfə isə, əksinə. Üstəlik gərgin mübarizə vardı. Bakıda təşkil olunmuş qran-pri yarışında qızıl medal qazandığım üçün çox şadam. Axı, bu, mövsümün son sınağı idi. Yekunu uğurla bitirmək, məncə, yeni qələbələrə əlavə güc verir.

– Cari mövsümü sizin üçün qənaətbəxş saymaq olarmı?
– Olar (gülür). Bu il ustalar arasında keçirilmiş Avropa çempionatında qalib gəldim. Sonra yeniyetmələrin dünya birinciliyinə hazırlaşdım. Orada da ən yüksək nəticə qazandım. Yayda Kazanda təşkil olunmuş tələbələrin universiadasına da yaxşı məşq etmişdim. Sadəcə, yarışa 15 gün qalmış zədələndim. Ona görə, həmin rəqabətdə uğurlu çıxış edə bilmədim. Polşada keçirilən dünya çempionatı barədə də bunu söyləyə bilərəm. Zədəmi sağaldıb, güclü hazırlaşmaq üçün vaxt lazım idi. Hər halda, orada aşağı nəticə göstərmədim: sonda 4-cü oldum.

– Gələn il əsas hədəfiniz nədən ibarət olacaq?
– 2014-cü ildə Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq dünya çempionatı Rio olimpiadasına lisenziya xalı verəcək. Həmin yarışda qəti sözümü demək – çempion olmaq istəyirəm! Qələbəmlə, həm də Rio-2016-ya daha çox atletlə yollanmağımızı arzulayıram.

– Ağırlıqqaldırmanın 1-ci Avropa oyunlarının proqramına salınması şansı qalır. Bu idman növünün Bakı-2015-ə qatılacağı təqdirdə, sizin hazırlıq planlarınızda hansı yenilik və dəyişikliklər gözlənilir?
– Bu oyunlar ilk olduğu üçün, həmin mübarizədə iştirak edib, qalib gəlməyin ayrı ovqatı olacaq. Düşünürəm ki, 1-ci Avropa oyunları Rio-2016-ya körpü rolunu oynaya bilər.

 

azerisport.az

SHARE
Şərh yaz