“Ştanqın ağırlığı… kq-dır. Körpücüyə dəvət olunur Veliçko Çolakov!”
Sentyabrın 26-da “Smolyan-Zirvə” klubunun rəhbəri, Avropa çempionu, dünya çempionatının gümüş, Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı, Azərbaycan yığmasının sabiq üzvü Veliçko Çolakov bu cümlələri bir idmançı kimi daha eşitməyəcək. Bundan sonra biz məşqçi Çolakovun uğurlarını izləyəcək, ona qələbələr diləyəcəyik.
Həmin gün Smolyan şəhərindəki zalda klubumuzun hər iki mənada “Böyük dost”u Veliçkonun benefisi keçirildi. Bu mötəbər tədbirdə çox sayda qonaq iştirak etdi. Onların içərisində Yanko Rusev, İvan İvanov, Neno Terziyski, Alan Saqayev kimi tanınmış idmançı və mütəxəssislər, həmçinin Smolyan şəhərinin meri Mariana Tsekova, hərbçi, 101-ci Alp batalyonu komandiri, polkovnik Dimitar Katzarov, Smolyan şəhəri polis rəisi Nikolay Dımov, Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev də vardı.
Smolyan şəhərinin fəxri vətəndaşı olan Veliçko Çolakovun benefisi üçün tamaşaçılar tribunları doldurmuşdu. Əvvəlcə, həm bu hadisəyə, eyni zamanda yerli “Rodopa” klubunun yaranmasının 35 illik yubileyinə həsr olunan ağır atletika birinciliyi keçirildi. Turnirdə yaşı 15-ə qədər oğlanlar və yaşı 17-yə qədər olan qızlar mübarizə apardılar. Onlar “Asenovqrad”, “Sopot”, “Karlovo”, “Xaskovo” və “Smolyan-Zirvə” klublarını təmsil etdilər. Bütün iştirakçılara xatirə hədiyyələri təqdim edildi.
Bədii hissədə Bolqarıstanın tanınmış müğınnisi Valya Balkanska, tütəkçi Petr Yanev, yerli “Rodopa” folklor musiqisi qrupu çıxış etdi.
Şəxsi məşqçisi Kostadin Qrozdanovun son dəfə körpücüyə çıxardığı Çolakovun son nitqi isə təsirli alınıb: “Bu günə qədər keçdiyim yolla qürur duyuram. Xoşbəxtəm. İmkanım olsaydı, Pekin Olimpiadasında baş verənləri həyatımdan silərdim. Adətən ştanqa yaxınlaşanda həyəcan keçirmirəm. Ancaq bu gün durum fərqlidir… Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Çox sağ olun”.
Çolakovun məşqçisi Qrozdanov söz alaraq tələbəsinə uğurlar arzuladı və simvolik olaraq məşqçilik skamyasındakı yerini ona təhvil verdi. Bu hərəkət hər kəsin göz yaşlarına səbəb oldu. Böyük idmançı böyük alqışlarla yola salındı…
Biz də “Zirvə” BİK olaraq sənə uğurlar arzulayır, həmişə belə enerjili, güclü, səmimi, gülərüz və əzmkar qalmağını arzulayırıq. Möhkəm ol, dost! Hər şey hələ qabaqdadır!