5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” başa çatıb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınadığı yarışlarda son olaraq növbə çimərlik futbolçuları çatıb.
AAAF Park Astarada xüsusi qurulmuş çimərlik futbolu meydançasında paytaxt və regionu təmsil edən 10 komanda iki gün ərzində medal mübarizəsi apardı. Maraqlı qarşılaşmalar, baxımlı oyun, gözlənilməz nəticələr yarışa rəng qatdı. Komandalar həm gözəl oyunları ilə fərqləndilər, həm də Zirvə Oyunlarının böyük əhəmiyyəti olduğunu ortaya qoydular. Yarışda iştirak edən gənc futbolçular arasında böyük perspektivi olanlarının sayının çoxluğu bunu deməyə əsas verir.
Yüksək təşkilatçılıqla müşayiət olunan futbol turnirində bürünc medal “Xırdalan-Zirvə” komandasına qismət oldu. Finalda isə “Lənkəran-Zirvə” ilə “Xəzər-Lənkəran” üz-üzə gəldi. Matç bol qollu oldu, qarşılıqlı hücumlar şəraitində keçdi. Sonda rəqib qapısına daha çox yol tapan “Xəzər Lənkəran” bu Zirvə Oyunlarının çempionu adını qazanaraq qızıl medallara sahib çıxdı.
Mükafatçılara medal, sertifikat və xatirə hədiyyələri təqdim olundu.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşuldular.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions