AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib. Bir çox mötəbər qonaqların iştirak etdiyi mərasimdə çıxışlar, təltifolunmalar olub.
Açılış mərasiminə aparıcı bu sözlərlə başladı: “Xalqımızın taleyində və ölkəmizin tarixində ən böyük problem olan Qarabağ problemi cəmiyyətimizin bütün üzvlərinin və idmançılarımızın da həyatından yan keçməmişdir. Yüzlərlə idmançı cəbhəyə yollanmış, torpaqların qorunması uğrunda mərdliklə vuruşmuşlar.
Onların arasında bu döyüşlərdə şəhid olanlar da az olmayıb. Onlardan biri də AzTV kinooperatoru, ağır atletika üzrə idman ustası, Azərbaycan Milli Qəhrəmanı Fəxrərddin İbrahim oğlu Şahbazovdur. Onun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər birinciliyi Azərbaycan Ağır Atletika Federasiyasının müraciətinə əsasən 2001-ci ildən keçirilir və artıq bu turnir, sayca 15-cidir.
Sevindiricidir ki, tərəfimizdən müvafiq təşkilatlarla birlikdə hər il keçirilən bu turnirdə, əvvəlki illərdə Bakının idman cəmiyyətləri və klublarının idmançıları ilə yanaşı, respublikamızın digər regionlarından olan idmançılar da iştirak edirdilərsə, bu dəfə xaricdən gələn idmançılar da çıxış edəcəklər. İran, Ukrayna, Bolqarıstan və Moldovalı olan ağır atletlərlə birlikdə “Zirvə” Beynəlxalq İdman Klubunun tərkibində Respublikamızın bölgələrindən Sumqayıt, Şamaxı, İsmayıllı, Lerik, Neftçala, Qobustan, Goranboy, və Abşeron rayonları, eləcə də Bakıdan Təhsil RİM və Spartak İC-nin idmançıları iştirak edirlər. Ümumilikdə 60-dan çox idmançı A və B qruplarında çıxış edirlər”.
Daha sonra çıxışlara növbə çatdı. İlk olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək xatirə turnirinin bu səviyyədə keçirilməsindən razılıq etdi. O, qeyd etdi ki, “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İl ərzində Avropa və dünya səviyyəli yarışlar təşkil edilir, ölkəmizin adı hər yerdə təbliğ olunur. 2015-ci il bu baxımdan uğurlu oldu. Artıq bitmək üzrə olmasına baxmayaraq belə yarışın keçirilməsinə sevinirəm. Bu turnirdə 5 ölkədən idmançı iştirak edir və bu o deməkdir ki, Fəxrəddin Şahbazov, eyni zamanda Azərbaycan həqiqətləri haqda daha 5 ölkədə biləcək, öyrənəcəklər. Yarışın təşkilində yardımçı olan hər kəsə təşəkkür edir, uğurların davamlı olmasını arzulayıram”.
Sonra sözü Azrəbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar Komitəsinin sədr müavini Mübariz Süleymanlı aldı: “Milli qəhrəman, AzTV-nin kinoperatoru və ağır atlet Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş turnirin beynəlxalq səviyyəyə qalxması böyük addımdır. İllərdir keçirilən, minlərlə iştirakçısı olan bu yarış yeniyetmələrin sağlam həyat tərzi keçirməsi, layiqli vətəndaş kimi yetişməsində böyük rol oynayır. Biz Azərbaycan torpağı uğrunda şəhid olmuş hər kəsin xatirəsinin yüksək tutulmasına çalışır, bunun üçün görülən bütün işləri alqışlayıq, dəstəkləyirik”.
Sonda “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov danışdı: “Milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş bu turnir həmişə diqqətimiz mərkəzində olub. Bu yarışı ən maksimum səviyyədə keçirilməsi üçün çalışmışıq və hazırda beynəlxalq turnir səviyyəsinə gətirilməsinə nail olmuşuq. İstər AzTV, istər Bakı Gənclər və İdman Baş İdarəsi, istərsə də “Zirvə” İK olaraq var gücümüzlə səy göstərmişik, belə də davam edəcəyik. Klubumuz bu dəfə 5 ölkədən idmançı dəvət edibsə, qarşıdakı yarışlarda bu rəqəmi daha da artıracaq, hər kəsin təqdir edəcəyi bir çempionat təşkil edəcəyik. Hər kəsə təşəkkür edir, uğurlar arzulayıram”.
Azərbaycan Respublikasının Dövlət Himni çalındı.
Sonra isə “Zirvə” Bİk tərəfindən Raqif Abbasov, Mübariz Süleymanlı, Zaur Rzayev, Sərhəd Əliyev, Şəmsəddin Şahbazov xüsusi plaket və mükafatlarla təltif olundular. Öz növbəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi yarışların işıqlandırılmasında rolu olan bir sıra şəxsləri təşəkkür mükafatına layiq gördü.
Azərbaycan Güləş Gefederasiyasının vitse-prezidenti Cavanşir Qurbanov “Zirvə” BİK-in prezidenti Tofiq Heydərovu xüsusi xatirə hədiyyəsi ilə təltif etdi.
Bundan sonra yarışlar start götürdü.