Oktyabrın 10-da “Sərhədçi” Olimpiya-İdman Kompleksindəki matçla startı verilən basketbol üzrə Azərbaycan çempionatı daha üç matçla davam edib. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən qarşılaşmalar maraqlı və gərgin mübarizə ilə yadda qalıb. İlk olaraq “Atom” – “Sərkərdə” matçı keçirilib. Oyun 66:61 hesabı ilə “Sərkərdə”nin xeyrinə başa çatıb. Sonra “Xırdalan” və “Atletik” komandaları qələbə uğrunda yarışıblar. Xırdalanlılar çox baxımlı oyun nümayiş etdirərək azarkeşlərə və sıravi tamaşaçılara xoş anlar bəxş ediblər. Yerli və legioner basketbolçuların sintezindən qurulan komandalar qarşılıqlı hücumlar, çoxsaylı üç xallıq atışlar, sürətli keçidlər, eyni zamanda, etibarlı müdafiə ilə fərqləniblər. Matç 73:67 hesabı ilə “Atletik”in xeyrinə başa çatıb. “Xırdalan”ın heyətində 22 xalla ən sərrast oyunçu Fuad Niftəliyev, rəqibdə isə 32 xalla Anatoli Çelovan olub.
Sonda parkeеdə “Sıçrayış” – “80-lər” matçı baş tutub. Oyun 84:77 hesabı ilə “Sıçrayış” komandasının xeyrinə başa çatıb.
Qeyd edək ki, 2019/2020 mövsümündə Azərbaycan çempionatı ilk dəfə olaraq Azərbaycan Super Liqası adlandırılacaq. Çempionatda 8 komanda iştirak edəcək. İlk dəfə Azərbaycan çempionatında Gəncə və Astaradan da komandalar çıxış edir. İştirakçı komandalar bunlardır: “Gəncə”, “Astara-Zirvə”, “Atletik”, “Atom”, “Sərkərdə”, “80-lər”, “Sıçrayış” və “Xırdalan”.