Qadınlardan ibarət Azərbaycan ağır atletika yığmasının baş məşqçisi, “Kişinyov-Zirvə”nin atleti Natalya Prişepaya gözlənilmədən xoş xəbər gəlib. Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Rusiya yığmasını bütünlüklə Rio Olimpiadasından kənarlaşdırandan sonra boşalan yerlərdən birini Moldovaya verib. Seçim isə klubumuzun 26 yaşlı atleti Nataliya üzərində dayanıb. Bu məlumat onun özü üçün də xoş sürpriz olub.
Moldova Ağır Atletika Federasiyası bu bardə açıqlama yayıb. Orada deyilir ki, “Ədalət, nəhayət, öz yerini tapdı və (IWF) bizə qadın turnirində daha bir Olimpiya lisenziyası təqdim edib. Bu imkan Nataliya Prişepaya yaradılıb. Hazırda sənədləşmə işləri ilə məşğuluq. Prişepanın Olimpiadada çıxış imkanı əldə etməsinə sevinir, ona uğurlar arzulayırıq”.
“Zirvə”nin bu il Norveçin Fyorde şəhərində keçirilən Avropa çempionatında 75 kq çəki dərəcəsində bürünc medala sahib çıxan nümayəndəsi lisenziyanı indiyəqədərki uğurlu çıxışları ilə haqq etdiyini söyləmək olar. İdmançı kimi müəyyən nəticələr əldə etmiş Prişepa artıq məşqçi kimi fəaliyyətə başlayıb.
Natalya Prişepa artıq sabah Rio-De-Janeyroya yola düşəcək. Bacarıqlı və təcrübəli atletimizin həm Moldova, həm də Azərbaycanı layiqincə təmsil edəcəyinə əminik, ona uğurlar arzulayırıq!
Mult noroc, Nataly!