
Ağır atletika beşnövçülüyü üzrə 10-cu dünya çempionatına start verilib. İştirakçılar ilk olaraq birdən qaldırma hərəkətində çıxış ediblər. Buna qədər beynəlxalq turnirin açılış mərasimi baş tutub. “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov çıxış edib. Natiq Azərbaycan ağır atletikasının hazırkı durumu, gələcək planlar və inkişaf perspektivləri haqda danışıb: “Hamınızı salamlayıram. “Zirvə” olaraq ölkəmizin regionlarında və xarici dövlətlərdə ağır atletika, fitness və ümumilikdə güc idman növlərinin inkişafı üçün çalışır, çox sayda zallar tikirik. İstəyirik burada məşq edən bütün idmançılar yarşlarımızda iştirak edə, qələbələr qazana bilsin. Bu səbəbdən də klassik ağr atletikaya daha 3 hərəkət əlavə etdik. Gələcəkdə daha bir neçə növü artırmaq atlet sayını çoxaltmaq niyyətindəyik. Gördüyümüz işlərin əsas məqsədi dopinqə qarşı mübarizə aparmaq, artıq ciddi problem səviyyəsinə qalxan bu çətinliyi aradan qaldırmaqır. 2017-ci ildə Azərbaycanda 20 zalın tikilməsini nəzərdə tutmuşuq. Orada yüksək ixtisaslı məşqçilər çalışacaq, düzgün xarakter daşıyan təlimlər verəcəklər. Yarışlarımız Azərbaycan Pauerliftinq Federasiyası ilə birlikdə təşkil olunacaq, qeyri-olimpiya idman növlərinin inkişafı üçün dəstək veriləcəkdir. Mütəmadi keçiriləcək yarışlarımızda böyük mükafat fondu olacaq, sponsor kimi isə həmişə oluğu kimi AAAF Park Yaşayış Kompleksi çıxış edəcək. Mən Azərbaycan Respublikası rəhbərliyinə ölkəmizdə idmanın bütün növlərinin inkişafı üçün yaradılan şəraitə görə təşəkkür edirəm. Hər kəsə bir daha xoş gəlmisiniz deyir, yarışı açıq elan edirəm”.
Məlumat üçün qeyd edək ki, AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika beşnövçülüyü keçiriləcək bu beynəlxalq turnirdə Ukrayna, Moldova İran və Azərbaycandan olan atletlər körpücük üzərinə çıxacaqlar. Beş növ üzrə keçirilən yarışda aşağıda qeyd olunan hərəkətlər üzrə mübarizə gedəcək:
1. Birdən qaldırma
2. Təkanla qaldırma
3. Ağırlıqla oturub-durma
4. Uzanaraq ağırlığın sinədən sıxılması
5. Ağırlığı dartma.
Sınaq yarışları uğurla keçən bu yeni idman növündə bu yarışda hər növ üzrə ayrıca qalib və mükafatçılar müəyyən ediləcək. Üstəlik, hər atletin istədiyi hərəkətdə yarışmaq, digərlərindən imtina etmək hüququ vardır və bütün növlərdə iştirak məcburiyyəti yoxdur. Məqsəd Azərbaycanda və dünyada güc idman növlərinin inkişafına təkan vermək, sağlam gənc nəslin yetişdirilməsinə dəstək olmaqdır. İlk dəfə beynəlxalq səviyyədə keçiriləcək.