Gənclərimiz 15 medal qazandı!
Martın 27-28-i aralığında Gənclər arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçirildi. Sumqayıt Olimpiya İdman Kompleksindəki yarışda “Zirvə”çilər yenə böyük uğurla çıxış etdilər. Rəqəmlərə nəzər yetirsək, bunun şahidi ola bilərik.
Çempionatda qızlar 2, oğlanlar isə 8 çəki dərəcəsində mübarizə apardılar. Fəxri kürsüyə ümumilikdə 27 nəfər idmançı qalxdı ki, onların da yarısı, daha doğrusu 13 nəfəri “Zirvə” İK-nın yetirmələriydi.
Yarışda Məhərrəmova Sevər və Məmmədova Xumar qızlarda, Quliyev Sənan, Tağızadə Ceyhun və İsmayılov Kamran qızıl medal qazanaraq hamıdan güclü olduqlarını sübut ediblər.
Gümüş medal “Zirvə”çilərdən Mirzəyeva Zülfiyyə, Məmmədov İsmayıl, Kazımov Pərviz, Hüseynov Mirhüseyn və Gəraylı Xəlilə qismət olub.
Klubumuzun üzvlərindən Əlizadə Əyanət, Həsənov Nurlan və Ağayev Azər isə bürünc medal qazanaraq fəxri kürsüdə öz yerlərini tutublar.
Yarışda eyni zamanda yaşı 23-ə qədər olan gənclər arasında mütləq birincilik də keçirilib. Sinkleyr cədvəli üzrə təşkil olunan birincilikdə üç idmançı medal qazanıb. Və bu atletlərin 2-si “Zirvə” İdman Klubunun yetirmələridir. Maraqlıdır ki, hər iki idmançımızın adı Orxandır. Lənkəran təmsilçisi Əliquluyev Orxan qızıl medal, Neftçaladan Zeynalov Orxan isə bürünc medal qazanıblar.
Bununla da, yaşı 20 və 23-ə qədər olan gənc idmançılar arasında birincilikdə “Zirvə” İdman Klubu klublar arasında mütləq çempion oldu. Ümumilikdə, 15 medal qazanan idmançılarımız möhtəşəm çıxışlarını davam etdiriblər. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər arasında rəqibi olmayan, hamıdan güclü olduğunu dəfələrlə sübut edən “Zirvə” İK ölkəmizdə ağır atletikanın lideridir. Bu qələbələrdə əməyi olan hər kəsə təşəkkür edir, idmançılarımıza səslərinin daha yüksəklərdən gəlməsini arzulayırıq.
Təbrik edirik!