
26 fevral – 3 mart tarixlərində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Boks Mərkəzində təşkil olunan yarışda 2003-2004 təvəllüdlü idmançılar medal mübarizəsi aparıb. Birinciliyə 50-yə yaxın komandanın 268 idmançısı qatılıb. Onların arasında məşqçilər Nurlan Məmmədov və Cəbrayıl Məmmədovun rəhbərliyi altında “Zirvə” Beynəlxalq İdman Klublarının boksçuları da olub. Yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Sevindiricidir ki, medalçılar sırasında bizim klubun nümayəndələrinin də adları var.
46 kq çəki dərəcəsində Mirzağa Hüseynli qüvvəsini sınayıb və bürünc medal qazanmağı bacarıb.
48 kq çəki dərəcəsində isə Zaur Qəhrəmanov çıxış edib. “Zirvə” boksçusu bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni uğura 66 kq çəki dərəcəsində Sayadulla Nəsirov imza atıb. O da öz çəkisində hər kəsdən güclü olmağı bacarıb və qızıl medala layiq görülüb.
Boksçularımızın yarışını “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov da izləyib və gördüklərindən razı qalıb. Bununla yanaşı, məşhur boksçu, tanınmış idman xadimi Tofiq Babanlı və Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abıyev də idmançılarımızın çıxışını təqdir edib, həm onlara, həm də ümumilikdə klubumuza xeyir-dua verib, uğurlar arzulayıb.
Bu gözəl çıxış münasibətilə biz də həm idmançılar, həm də məşqçilərimizi təbrik edir, onlar qarşıdakı daxili və beynəlxalq yarışlarda da qələbələr əldə etməyi arzulayırıq!