Yeniyetmə cüdoçumuz beynəlxalq turnirdə gümüş medalla fərqləndi!

Rusiyanın Sosnovıy Bor şəhərində cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib. 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandası da mübarizə aparıb. Məşqçi Zaur Babayevin başçılığı altında yarışan idmançılarımız Moskva, Gürcüstan, Leninqrad vilayətinin komandalarını məğlub edərək finala çıxıblar. Həlledici görüşdə Krasnodar komandasına uduzan cüdoçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar. Sevindiricidir ki, milli komandanın heyətində “Zirvə” Beynəlxalq İdman Klublarının üzvü Emin Həsənov da olub. O, da fəxri kürsünün ikinci pilləsinə qalxan komandanın bu uğurunda əmək sahibi olub.
Bununla yanaşı, Emin Həsənov fərdi yarışlara da qatılaraq ölkəmizi uğurla təmsil etməyi bacarıb. Azərbaycanın yeniyetmələrdən ibarət komandasının üzvü olan cüdoçumuz 46 kq çəki dərəcəsində finala qədər irəliləyib. O, yalnız həlledici görüşdə məğlub olub və gümüş medal qazanmaqla fəxri kürsünün ikinci pilləsinə qalxa bilib.
İdmançımızı, onun məşqçiləri Elməddin və Hətəm Əhmədovları təbrik edir, uğurlarımızın  davamlı olmasını diləyirik!

SHARE
Şərh yaz