“Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FİBA) təşkilatçılığı ilə keçirilən 3×3 basketbolu üzrə 2019-cu il dünya turundakı çıxışını davam etdirir. Təmsilçilərimiz Avropa zonasında Azərbaycanın adından yarışa qatılırlar. Basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışırlar. “Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayırlar. Komandamız İsveçrədəki qləbədən sonra bu dəfə avqustun 8-9-da Latviyanın paytaxtı Riqada keçirilən “Ghetto Basket. Rīga #13. Quest Stop” turnirində qüvvələrini sınayıblar.
“Zirvə-Astara” komandası B qrupunda yer alıb. Basketbolçularımız burada bütün rəqiblərinə qalib glib. “Bauerfeynd”i 11:8, “Kravçik”i 11:10, “Probesketball.eu”nu 12:7, “Qarkalnes Runçi”ni 11:10 və “Lidinqö Siti”ni 11:7 yenən komandamız qrupdan 1-ci yerlə çıxıb.
Komanda 1/4 finalda “Bankieri”ni 11:5, yarımfinalda isə “MİLF”i 11:10 yenərək finala vəsiqə qazanıb.
Təəssüf ki, “Zirvə-Astara” həlledici qarşılaşmada “Lidinqö Siti”y 13:15 hesabı ilə mğlub olub. Komandamız yarışların gümüş medalına layiq görülüb.
Basketbolçularımızı təbrik edir, onlara qarşıdakı yarışlarda da uğur qazanmalarını arzulayırıq!
Azərbaycanda ən böyük idman klublarından olan “Zirvə” öz fəaliyyət və inkişaf sahəsini genişləndirməkdə davam edir. Qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuş klubun idmançıları təkcə 2018-ci ildə beynəlxalq səviyyəli yarışlarda 33, daxili yarışlarda isə 108 medal qazanmağı bacarıblar. 2014-cü ilin martından etibarən planetar səviyyədə çıxışa başlayan “Zirvə” Beynəlxalq İdman Klubları Azərbaycanla yanaşı 11 ölkədə – İran, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Ukrayna, İsrail, ABŞ, Moldova, Bolqarıstan və Polşada fəaliyyət göstərərək təkcə yetirmələri ilə deyil, həm də struktur olaraq beynəlxalq arenaya qədəm basıb.
Bu fəaliyyətin davamı olaraq klub Azərbaycan basketboluna dəstək verərək onun inkişafına töhfə vermək istiqamətini götürüb. Xüsusilə də regionlarda istedadlı gənclərin üzə çıxarılaraq peşəkar səviyyəyə gətirilməsi, ölkəmizin beynəlxalq arenada layiqli təmsil olunması məqsədilə atılan addımlar getdikcə sürətləndirilməkdədir. Bu işlər çrçivəsində bu ilin martında AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyinin nəzdində fəaliyyət göstərəcək və ölkə basketbolunun inkişafına yeni idmançılarla töhfə verəcək basketbol zalının açılmışdır. Daha sonra ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında məhz basketbola geniş yer verilərək bir neçə yarış təşkil olunub. Avqustun 3-də Astara şəhərində “Zirvə” BİK-in bazasında 3×3 basketbolu üzrə Azərbaycan çempionatının növbəti mərhələsi keçiriləcək və ölkənin ən güclü komandaları orada yarışacaqlar. Türkiyənin paytaxtı Ankaradakı Altınpark Akarsu İdman Kompleksində fəaliyyət göstərən basketbol zalında qərarlaşan “Ankara-Zirvə” komandası və onların yerli turnirlərdə uğurlu çıxışı da qeyd olunmalıdır. “Zirvə” BİK Türkiyə Basketbol Federasiyası ilə də sıx əməkdaşlıq edir.
Bu ildən etibarən isə Azərbaycan Basketbol Federasiyası ilə imzalanan memorandum çərçivəsində işlər görülməyə başlamışdır. Bütün bu fəaliyyətlərin məntiqi nəticəsi həm də “Zirvə-Astara” komandasının 3×3 basketbolunda beynəlxalq yarışlara qatılmasıdır.
Yarım əsrlik tarixi olan “Zirvə” Beynəlxalq İdman Klubları 2006-cı il noyabrın 26-da “Zirvə” adı altında fəalliyyətini davam etdirməyə başlayıb. Təsisçisi sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısı, iş adamı Tofiq Heydərovdur. Bu ad altında 12 ölkədə yüzə yaxın klub fəaliyyət göstərir.