Azərbaycan ağır atletikasının lideri olan “Zirvə” İdman Klubu, bir daha öz gücünü ortaya qoydu. Bu dəfə atletlərimiz kişilər və qadınlar arasında 2013-cü il Azərbaycan Kubokunda rəqiblərinə şans vermədilər. 150-ə yaxın idmançının təxminən yarıdan çoxu məhz bizim klubun təmsilçiləri idilər. Ölkəmizin bütün regionlarından gələn ağırlıqqaldıranlarımız, bütün yaş qrupları üzrə fəxri kürsüyə qalxaraq, güclərini nümayiş etdirdilər.
Yarışlar avqustun 15-18-də Ağır Atletika Akademiyasının idman zalında keçirildi. Yaş qrupları üzrə baş tutan Kubokda idmançılar
– kişilər arasında;
– qadınlar arasında;
– yeniyetmə oğlanlar (1996 – 1997-ci il təvəllüdlü) arasında;
– yeniyetmə qızlar (1996 – 1997-ci il təvəllüdlü) arasında;
– yeniyetmə oğlanlar (1998 – 2000-ci il təvəllüdlü) arasında;
– yeniyetmə qızlar (1998 – 2000-ci il təvəllüdlü) arasında
qruplar üzrə mübarizə apardılar. Hər yaş qrupu üzrə qaliblər isə “Sinkleyr” cədvəli üzrə müəyyənləşdirildi.
İlk yarış günündə qadınlar və 1998 – 2000-ci il təvəllüdlü yeniyetmə oğlanlar Kubok qazanmaq üçün körpücük üzərinə çıxdılar.
Qadınlarda legionerlər istisna olmaqla bütün digər mükafatları “Zirvə”nin qızları qazandılar. 1998 – 2000-ci il təvəllüdlü qızlar arasında qalib adına Əlizadə Günel layiq görüldü. İkinci yeri Məmmədova Sona, üçüncü yeri yeri isə Məmmədova Sevər tutdu. Hər üç idmançı “Zirvə” təmsilçiləridir. 1996 – 1997-ci il təvəllüdlü yeniyetmə qızların yarışında da qalib bizim klubdan oldu. Əlizadə Gülçin bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 2-ci yeri yeni “Zirvə”dən olan Məhərrəmova Mərziyyə, 3-cü yeri isə AZAL klubundan Vişnitskaya Kseniya tutdu. Qadınların mübarizəsində isə legionerlər çoxluq təşkil edirdi. Derkaç Yuliya 1-ci, Varlamova Tatyana 2-ci, Angelova Silviya -3-cü oldular.
Həmin gün oğlanlarda da fəxri kürsüdə ancaq “Zirvə”çilər qərarlaşdılar. 331,66 xal toplayan Rüstəm İmanzadə bütün rəqiblərinə rahatlıqla qalib gələrək, Azərbaycan Kubokunun sahibi adını qazandı. Ondan sonrakı yeri Əliquluyev Kənan 324 xalla, 3-cü yeri isə Rzazadə Ruslan 299,20 xalla tutdu. Bu isə bütün mükafatların bizə qismət olması demək idi.
İkinci yarış günündə ilk olaraq 1996 – 1997-ci il təvəllüdlü – yeniyetmə oğlanlar mübarizə apardılar. Kubokun qalibi adnı Dadaş Dadaşbəyli, ikinciliyi isə Beskov Kamran qazandı. 3-cü yeri isə “Zirvə” klubunun təmsilçisi Şərifov Elşad tutdu.
Azərbaycan Kubokunun son yarışı isə böyük marağa səbəb oldu. Kişilərin yarışında hər kiloqramın böyük əhəmiyyət daşıdığına şahidlik etdik. Gənclərlə təcrübəlilərin sona qədər mübarizəsini izləməyə dəyərdi. İş o yerə çatdı ki, mütləq liderliyini sübut etmək üçün Firudin Quliyev təkanla qaldırma hərəkətində 190 kq-ı ram etməli oldu. Bu isə gənclər arasında Avropa rekordunu üstələyən bir rəqəmdi. Kazan Universiadasının son qalibi olan Quliyev, bu çəkinin öhdəsindən gələ bildi. Təbii ki, çəki beynəlxalq yarışlarda qaldırılanda rəsmən qeydə alınır. Ancaq bunun Azərbaycan Kubokunda edilməsi, gələcəyə böyük ümidlə baxmaq imkanı verir. Möhtəşəm nəticədir. “Zirvə” İdman Klubunun təmsilçisi olan Firudin Quliyevi təbrik edirik və ümid edirik ki, uğurlarının davamı daha böyük turnirlərdə gələcək.
Beləliklə, 18 mümkün medaldan 10-nu qazanan “Zirvə” yenə də zirvədə olduğunu bütün Azərbaycana nümayiş etdirdi. Şəksiz lideri olduğumuzu ağır atletikada uğurlarımız gün keçdikcə artır. Daxili arenada heç bir rəqib tanımayan klubumuz, beynəlxalq yarışlarda da gücünü göstərir.
“Zirvə” çempion!