“Zirvə” basketbol üzrə Azərbaycan çempionatında çıxış edəcək!

Oktyabr ayının 10-da “Zirvə Beynəlxalq İdman Klubları”nın tarixində bir ilk yaşanacaq. Adımızı daşıyan basketbol komandası 27-ci Azərbaycan çempionatına qatılaraq medallar uğrunda mübarizəyə qoşulacaq.

2019/2020 mövsümündə Azərbaycan çempionatı ilk dəfə olaraq Azərbaycan Super Liqası adlandırılacaq. Çempionatda 8 komanda iştirak edəcək. İlk dəfə Azərbaycan çempionatında Gəncə və Astaradan da komandalar iştirak edəcək. Astaranı məhz “Zirvə” komandası təmsil edəcək. Əksər oyunlar Bakıda keçirilsə də, bəzi oyunların Gəncə və Astarada keçirilməsi də istisna olunmur.

İştirakçı komandalar bunlardır: “Gəncə”, “Astara-Zirvə”, “Atletik”, “Atom”, “Sərkərdə”, “80-lər”, “Sıçrayış” və U-20. Bunlardan yalnız “80-lər” ötən mövsümün iştirakçısıdır. 20 yaşadək basketbol millimiz (U-20) isə ötən il çıxış etmiş U-18-i əvəzləyib.

Super Liqaya oktyabrın 10-da start veriləcək. Açılış mərasimi saat 20:00-da başlayacaq. İlk oyunda bölgə komandaları – “Zirvə” və “Gəncə” üz-üzə gələcək. Qarşılaşma CBC Sport-la canlı yayınlanacaq.

“Astara-Zirvə” komandasının heyətinə gəlincə, basketbolçularımız medallar uğrunda mübarizə aparacaqlar. Heyətimizə tanınmış oyunçu Zaur Paşayev baş məşqçi kimi rəhbərlik edəcək. O, oyunçu-məşqçi kimi çıxış edəcək.

“Astara-Zirvə”nin heyəti aşağıdakı kimidir: Əkbər Məmmədov, Nuh Özmen, Muhammed Faik Altınkalem, Anar Sarıyev, Anar Hacıyev, Murad Əliyev, Rüstəm Əliyev, Endər Poladxanlı, Muradxan Abdullayev, Kamran Əsgərzadə, Fikrət Paşayev, Kənan Əliyev.

“Zirvə”çilərə bu yarışda uğurlar arzulayırıq!

Azərbaycanda ən böyük idman klublarından olan “Zirvə” öz fəaliyyət və inkişaf sahəsini genişləndirməkdə davam edir. Qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuş klubun idmançıları təkcə 2018-ci ildə beynəlxalq səviyyəli yarışlarda 33, daxili yarışlarda isə 108 medal qazanmağı bacarıblar. 2014-cü ilin martından etibarən planetar səviyyədə çıxışa başlayan “Zirvə” Beynəlxalq İdman Klubları Azərbaycanla yanaşı 11 ölkədə – İran, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Ukrayna, İsrail, ABŞ, Moldova, Bolqarıstan və Polşada fəaliyyət göstərərək təkcə yetirmələri ilə deyil, həm də struktur olaraq beynəlxalq arenaya qədəm basıb.

Bu fəaliyyətin davamı olaraq klub Azərbaycan basketboluna dəstək verərək onun inkişafına töhfə vermək istiqamətini götürüb. Xüsusilə də regionlarda istedadlı gənclərin üzə çıxarılaraq peşəkar səviyyəyə gətirilməsi, ölkəmizin beynəlxalq arenada layiqli təmsil olunması məqsədilə atılan addımlar getdikcə sürətləndirilməkdədir. Bu işlər çərçivəsində bu ilin martında AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyinin nəzdində fəaliyyət göstərəcək və ölkə basketbolunun inkişafına yeni idmançılarla töhfə verəcək basketbol zalı açılmışdır. Daha sonra ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında məhz basketbola geniş yer verilərək bir neçə yarış təşkil olunub. Avqustun 3-də Astara şəhərində “Zirvə” BİK-in bazasında 3×3 basketbolu üzrə Azərbaycan çempionatının növbəti mərhələsi keçirilib və ölkənin ən güclü komandaları orada yarışıblar. Türkiyənin paytaxtı Ankaradakı Altınpark Akarsu İdman Kompleksində fəaliyyət göstərən basketbol zalında qərarlaşan “Ankara-Zirvə” komandası və onların yerli turnirlərdə uğurlu çıxışı da qeyd olunmalıdır. “Zirvə” BİK Türkiyə Basketbol Federasiyası ilə də sıx əməkdaşlıq edir.

Bu ildən etibarən isə Azərbaycan Basketbol Federasiyası ilə imzalanan memorandum çərçivəsində işlər görülməyə başlamışdır. Bütün bu fəaliyyətlərin məntiqi nəticəsi həm də “Zirvə-Astara” komandasının 3×3 basketbolunda beynəlxalq yarışlara qatılmasıdır. Avqust ayı ərzində 5 ölkədə – Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrədə keçirilən müvafiq olaraq “Atupri 3×3 Swiss Tour Final Zurich”, “Ghetto Basket. Rīga #13. Quest Stop”, “Palova Round 3”, “Mistrzostw Radomia 2019”  və “StreetballOG”  beynəlxalq turnirlərində qüvvəsini sınayan komandamız böyük uğurlar, kubok və medallar qazanmaqla yadda qalıb və ölkəmizi layiqincə təmsil edib. “Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayıblar.

Yarım əsrlik tarixi olan “Zirvə” Beynəlxalq İdman Klubları 2006-cı il noyabrın 26-da “Zirvə” adı altında fəalliyyətini davam etdirməyə başlayıb. Təsisçisi sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısı, iş adamı Tofiq Heydərovdur.

SHARE
Şərh yaz