
“Zirvə”nin “Uğur”ları davam edir!
2006-cı ildə nüfuzlu “Consulting&Business” jurnalı tərəfindən təsis olunan və hər il təqdim olunan, Azərbaycanın biznes və digər sferalarında nüfuzlu “Uğur” mükafatının bu dəfəki təqdimetmə mərasimi fevral ayının 15-də möhtəşəm “Quba Palace” otelinin “Şimal zalı”ında təşkil edildi. Onlarla təşkilatdan olan yüzlərlə qonağın bir araya gəldiyi tədbirdə çox sayda nominasiyalarda qaliblər müəyyən edildi, 2018-ci ildə fəaliyyəti ilə iz qoymuş, uğur qazanmış şirkətlər xüsusi fərqləndirildi.
20 laureat arasında “Zirvə İnternational Sport Clubs”ın olması da sevindirici məqam idi. Azərbaycanın ən böyük idman klublarından biri olaraq əldə etdiyi nailiyyətlər, mütəmadi və sabit qazanılan uğurlar klubumuzun adının “Uğur”la birlikdə zirvədə çəkilməsinə imkan verdi.
Yüksək təşkilatçılıqla yadda qalan tədbirdə “Zirvə” İSC 2018-ci “ilin ən yaxşı idman klubu” seçildiyi elan edildi. Böyük ekranda kluba həsr olunmuş xüsusi slayd nümayiş etidirldi və qeyd olundu ki, yarım əsrlik tarixi olan “Zirvə” Beynəlxalq İdman Klubları 2006-cı il noyabrın 26-da “Zirvə” adı altında fəalliyyətini davam etdirməyə başlayıb. Təsisçisi sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısı, iş adamı Tofiq Heydərovdur. Bu ad altında 12 ölkədə yüzə yaxın klub fəaliyyət göstərir. Tədbirdə iştirak edən qonaqlara bildirildi ki, “Zirvə” Beynəlxalq İdman Klubları Azərbaycan idmanında lider klublar sırasındadır. İlk maddi dəstəyini ümummili lider, mərhum prezident, ölkəmizdə idmana böyük diqqət və qayğı siyasətinin banisi Heydər Əliyevdən alan klub peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malikdir, idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır. Mərkəzi bazası müasir və təkrarolunmaz AAAF Park Yaşayış Kompleksidir. Burada cüdo və gimnastika zalı, futbol və tennis meydançaları, üzgüçülük zalları, şahmat otağı, fitness mərkəzi, dünya standartlarına uyğun ağır atletika məşq zalı, həmçinin ağır atletika üçün universal yarış zalı vardır.
Məlumat verildi ki, klub qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur. Təkcə 2018-ci ildə klubunun idmançıları beynəlxalq səviyyəli yarışlarda 33, daxili yarışlarda isə 108 medal qazanmağı bacarıblar. 2014-cü ilin martından etibarən planetar səviyyədə çıxışa başlayan “Zirvə” Beynəlxalq İdman Klubları Azərbaycanla yanaşı 11 ölkədə – İran, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Ukrayna, İsrail, ABŞ, Moldova, Bolqarıstan və Polşada fəaliyyət göstərərək təkcə yetirmələri ilə deyil, həm də struktur olaraq beynəlxalq arenaya qədəm basıb.
“Zirvə” BİK hər il yeni idman kompleksləri, yeni idman qurğuları inşa etməklə gələcək Olimpiya çempionlarını hazırlamaq, Azərbaycanın bütün sahələrdə inkişafına öz töhfəsini verməkdə davam etmək niyyətindədir.
Sonda klubun vitse-prezidenti Ruslan Xanverdiyev səhnəyə dəvət edildi və “Uğur” Yüksək Mükafatı ona təqdim edildi. O da öz növbəsində “Zirvə” Beynəlxalq İdman Klublarını bu ada layiq görən hər kəsə təşəkkür etdi, həyata keçirilən layihələrimiz, etdiyimiz böyük çalışmaları fərqləndirən təşkilatçılara minnətdarlığını bildirdi.
Tədbirdə tanınmış müğənnilər Samir Cavadzadə və Dilarə Kazımova mahnılarını ifa edərək qonaqlara xoş anlar bəxş etdilər.